DÜNYA
Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti illik toplantısı Pekində keçiriləcək
Pekin, 13 iyul, AZƏRTAC
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) V İllik Toplantısı 2020-ci ilin iyulunda Çinin paytaxtı Pekində keçiriləcək.
AZƏRTAC AİİB-in Pekindəki mənzil-qərargahının yaydığı məlumata istinadla xəbər verir ki, bu barədə qərar bankın Lüksemburqda keçirilən IV toplantısında qəbul olunub. Bu, bankın Pekində keçiriləcək ikinci iclası olacaq. AİİB-in 2016-cı ildə ilk iclası da Pekində təşkil olunmuşdu.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin