REGİONLAR


Astarada “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda müzakirələr aparılıb

Astara, 13 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 13-də Astara şəhərində rayon icra hakimiyyəti, Kənd Təsərrüfatı İdarəsi və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik seminarda “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Astarada da uğurla həyata keçirildiyini bildirib.

E.Abbasov qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün stimullaşdırılan təsərrüfat sahələri arasında çayçılıq və sitrusçuluq da var. Natiq bu sahələrin Astara rayonu üçün ənənəvi əkin sahələrindən olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi bu sahələrin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.

Vurğulanıb ki, hər iki Dövlət Proqramında çayçılığın və sitrusçuluğun elmi təminatının və kadr potensialının artırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Tədbirdə çıxış edən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev çay və sitrus plantasiyalarının salınmasından, əkin və becərmə zamanı düzgün aqrotexniki qulluğun göstərilməsindən danışıb.

Seminarda Hirkan Milli Parkının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Hacıağa Səfərov, Lənkəran Dövlət Universitetinin kimya-biologiya fakültəsinin dosenti İsa Hüseynov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və fermerlər mövzu ilə bağlı təkliflərini bildiriblər.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.