REGİONLAR
Astarada Qarabağ müharibəsi əlilləri ilə görüş
Astara, 10 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 10-da Astara Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizdə müharibə əlillərinə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq onların problemləri ilə maraqlanıb.
Qarabağ müharibəsi əlilləri regionlarda, o cümlədən Astara rayonunda görülən tikinti-quruculuq və abadlıq işlərindən danışaraq, əlillik pensiyalarının və müavinətlərin məbləğinin artırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını qeyd edən müharibə əlilləri Vətən torpağını qorumağın özlərinin ən müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.
Birinci qrup Qarabağ müharibəsi əlili Nizami İsmayılov evinə qaz xətti çəkilməsi və yolun təmiri, Ramil Abbasov ona dövlət tərəfindən nəzərdə tutulmuş avtomobilin verilməsi, şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş 16 mənzilli ictimai yaşayış binasının sakinləri binanın istilik sisteminin qaydaya salınması, 32 mənzilli ictimai yaşayış binasının sakinləri dam örtüyünün dəyişdirilməsi, özünüməşğulluq layihəsindən yararlanmaqlarına kömək göstərilməsi ilə bağlı təkliflərini söyləyiblər.
İcra başçısı görüşdə iştirak edənlərin arzu və təkliflərinin həlli ilə əlaqədar müvafiq tapşırıqlar verib, icrasını diqqətdə saxlayacağını söyləyib. O deyib: “Siz torpaqlarımızın mənfur ermənilərdən qorunmasında fədakarlıq göstərərək mərdliklə döyüşüb, sağlamlığınızı qismən itirmisiniz. Əksəriyyətiniz müharibənin ilk illərində hələ nizami ordu yaranmamış könüllü olaraq Vətənin xidmətinə getmisiniz. Biz sizin vətənpərvərliyinizi yüksək dəyərləndiririk. Bu gün siz yüksək quruculuq işlərində də iştirak edir, töhfələrinizi verirsiniz.
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə müstəqil Azərbaycanımız gündən-günə inkişaf edir, çiçəklənir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də daim dövlətin diqqətindədir. Əksəriyyəti güzəştli mənzil və avtomobillərlə təmin olunub, digərlərinin də təminatı üçün işlər görülür”.
Q.Ağayev, həmçinin ordu quruculuğunda mühüm işlər görüldüyünü, Azərbaycan ordusunun bu gün ən müasir silahlarla təchiz olunduğunu vurğulayıb.