REGİONLAR
Astarada videokonfrans: “Şəhidlər ölməz, Vətən bölünməz”
Astara, 29 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 29-da Astara Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda videokonfrans keçirilib.
Onlayn tədbirdə əlaqədar təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin direktoru Kübra Səmədova çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın qəhrəmanlarıdır.
Diqqətə çatdırılıb ki, düşmənlə savaşda Astara rayonu 41 şəhid verib.
Videokonfransda Astara rayonunun Alaşa kənd sakini, şəhid Telman Nəhmətovun atası Təyyar Nəhmətov və onun həyat yoldaşı Şəfa Nəhmətova, astaralı şəhid hərbi həkim Nurlan Fərəməzovun atası Əhliman Fərəməzov, Astara rayonunun Ərçivan qəsəbəsindən olan şəhid Əli Feyziyevin həyat yoldaşı Afaq Feyziyeva, Yardımlı rayonunun Bilnə kəndindən olan şəhid Rzalı Əlinin atası Nuru Rzalı, Astara rayonunun Kijabə qəsəbə xəstəxanasının həkimi, Vətən müharibəsi qazisi Vüqar Ağayev və başqaları çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən igidlərimizin qanı yerdə qalmadı. Şanlı ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını aldı, düşməni darmadağın etdi.
Çıxış edənlər rəşadətli Azərbaycan Ordusu ilə qürur duyduqlarını vurğulayaraq, qələbə sevincini xalqımıza yaşadan şəhidlərimizin ailələrinə səbir diləyib, yaralıların isə tezliklə sağalmalarını arzulayıblar.