DÜNYA


Avropa İttifaqı yeni virus mutasiyalarına görə sərhəd qaydalarını sərtləşdirəcək

Budapeşt, 24 yanvar, AZƏRTAC

Avropa İttifaqı COVID-19-un yeni ştammları ilə əlaqədar olaraq sərhədləri yük daşımaları üçün açıq saxlamağı, vətəndaşların xarici səfərləri zamanı isə sərhəd qaydalarını sərtləşdirməyi düşünür.

AZƏRTAC Avropa KİV-lərinə istinadla xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqına üzv olan bütün ölkələrdə ciddi nəzarət tədbirlərinin görülməsini istəyir.

“Sərhədlər əsas mal və xidmətlərin axını da daxil olmaqla, vahid bazarın fəaliyyətinin təmin edilməsi üçün açıq qalmalıdır. Buna baxmayaraq, virusun yayılmasının qarşısının alınması üçün əhəmiyyətsiz səfərlərə qarşı məhdudlaşdırıcı tədbirlər tələb oluna bilər”, - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen söyləyib.

Keçən ilin mart ayında bir neçə üzv dövlət milli sərhədləri birtərəfli qaydada bağladılar, bu da iqtisadi xaosa səbəb oldu. Vahid bazarın fəaliyyətini qorumaq üçün, Avropa İttifaqı, işçilərin və yüklərin sərhədləri keçməyə davam edə bilməsi üçün onları açıq saxlamaq istəyir.

Böyük Britaniya və Portuqaliyada bu günlərdə yayılan virusun yeni ştammları təhlükə yaradır. Avropa İttifaqı liderləri sürətləndirilmiş vaksinasiya üzərində işləyirlər. “Vaksinlər eyni vaxtda və əhalinin sayına proporsional əsasda yayılmalıdır. Onların sürətli təchizatını təmin etmək üçün bütün mümkün vasitələr öyrəniləcək”, - deyə öz növbəsində Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel mətbuat konfransında bildirib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.