İDMAN


Avstraliya hökuməti hələ də serbiyalı tennisçi Novak Cokoviçi deportasiya etmək istəyir

Bakı, 12 yanvar, AZƏRTAC

Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçin “Australian Open” turnirində iştirak etmək iddiasını təmin etsə də, vəziyyət idmançı üçün yaxşılığa doğru dəyişmir.

Avstraliya hökuməti hələ də dünyanın 1 nömrəli raketka ustasının peyvənd olunmaması ilə barışa bilmir. N.Cokoviçin xüsusi imtiyaz əldə etməsi ilə bağlı sənədini etibarsız sayan Avstraliya Sərhəd Xidmətindən sonra artıq işə bu ölkənin miqrasiya komitəsi qarışmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Avstraliya federal məhkəməsinin qərarı ilə razılaşmayan qurum N.Cokoviçi ölkədən deportasiya etmək istəyir. Tennisçi isə təslim olmaq fikrində deyil. Hələ də serbiyalı tennisçi məsələ ilə bağlı konkret açıqlama verməyib. Amma onun atası və qardaşı müntəzəm olaraq mətbuat nümayəndələri ilə görüşür. Onlar tennisçinin təslim olmayacağını və Melburndakı “Böyük dəbilqə” turnirində iştirak etmək üçün sonadək mübarizə aparacağını söyləyib.

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) da məsələ ilə bağlı bəyanat yayıb. Amma qurum konkret hansı tərəfin haqlı olduğu haqda heç bir fikir səsləndirməyib. Assosiasiya tennisçiləri Avstraliya qanunlara tabe olmağa və vaksinasiya prosesindən keçməyə səsləyib.

Hazırda N.Cokoviçə Melburnda məşq etməyə icazə verilib.

Qeyd edək ki, serbiyalı tennisçi yanvarın 5-də Melburn hava limanında sənədlərlə bağlı problemlərə görə saxlanılıb. Avstraliyanın sərhəd xidməti Novak Cokoviçin bu ölkəyə giriş vizasını ləğv edib. Buna səbəb N.Cokoviçin peyvənd edilməmək üçün tibbi icazəyə malik olduğuna dair obyektiv və dürüst sübutlar təqdim edə bilməməsi olub. N.Cokoviç bununla bağlı Avstraliyada federal məhkəməyə müraciət edib. Yanvarın 10-da məhkəmə serbiyalının şikayətini təmin edib.

Xatırladaq ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.