İQTİSADİYYAT
Avtomobil Yolları Dövlət Agentliyi Çindən 112 adda yol texnikası və maşın alıb
Bakı, 23 iyul, AZƏRTAC
Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istifadəsinə 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib. Beləliklə, son 6 ayda agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Nəzərə çatdırılıb ki, yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsi hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutudur.
Məlumata əsasən, cari ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə yol istismarı, təmiri və tikinti texnikaları alınıb. Bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, yolların istismar müddətinin artmasına yardımçı olur.
Qeyd olunub ki, hazırda agentliyin texniki şərtləri və sifarişi ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə istifadə edilir. Bunlara misal kimi, yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları və digərlərini göstərmək olar. Çevik texniki yardım və servis mərkəzində isə nasaz texnikanın təmiri, parkında mövcud olan nəqliyyat vasitələri və maşın-mexanizmlərdən isə fövqəladə hallarda agentliyin ritmik fəaliyyəti təmin edilir.
Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Görülən tədbirlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.