İQTİSADİYYAT
Avtomobiliniz qışa hazırdırmı?
Bakı, 11 yanvar (AZƏRTAC). Artıq qış fəsli özünün sərt üzünü göstərməkdədir. Hər fəslin öz qayğısı olduğu kimi, qışda da temperaturun aşağı düşməsi, yağışlı-qarlı, şaxtalı günlər, yolların buz bağlaması və digər məsələlər insanlar üçün müxtəlif problemlər yaradır.
Mövzu qış fəslində yol-nəqliyyat məsələsinə aid olduğundan deyə bilərik ki, soyuq və qarlı hava şəraitinin əsasən avtomobil sürücüləri üçün problemlər doğurduğu çoxlarına məlumdur. Belə günlərdə baş verən yol qəzalarının artması, avtomobillərdə tez-tez texniki problemlərin yaranması göstərir ki, sürücülər qış fəslinə ciddi hazırlaşmırlar. Bu yöndə Nəqliyyat Nazirliyinin, yol polisinin səlahiyyətli nümayəndələrinin kifayət qədər xəbərdarlıqları da vardır. Ancaq nədənsə bu xəbərdarlıqlara əhəmiyyət verilmir. Bu isə öz növbəsində, sürücülərin xoşagəlməz hadisələrlə, qəzalarla qarşılaşmalarına səbəb olur. Son günlər havaların qarlı-şaxtalı keçməsi bu mövzunu daha da aktuallaşdırmışdır.
Qışda baş verən yol-nəqliyyat qəzalarının qarşısının alınmasında avtomobillərə göstərilən düzgün texniki qulluq önəmli məsələlərdəndir. Buna görə də mütəxəssislər bildirirlər ki, avtomobillərə düzgün texniki qulluq göstərilərsə və qış fəslinin yaradacağı çətinliklərə qarşı vaxtında tədbirlər görülərsə, yol qəzalarının sayını xeyli azaltmaq olar. İlk növbədə avtomobillər qış fəslində tez-tez texniki baxışdan keçirilməli, qış rejiminə uyğunlaşdırılmalıdır. Bildiyimiz kimi, soyuq havalarda avtomobildə daha çox diqqət yetirilməli olan hissə akkumulyatordur. Çünki belə havalarda akkumulyatorlar daha çox enerji sərf edir. Əgər doldurulması mümkün olan akkumulyatorlardan istifadə olunursa, onu vaxtlı-vaxtında doldurmaq lazımdır.
Silgəclərə qulluq göstərilməsi də unudulmamalıdır. Əgər onun şüşə ilə təmasda olan hissəsində çatışmazlıq varsa, bu, aradan qaldırılmalıdır. Şaxtalı havalarda avtomobilin silgəcindən istifadə etməzdən əvvəl onun şüşə ilə təmasda olan hissəsinin donmadığından əmin olmaq lazımdır. Yaxşı olar ki, istifadədən əvvəl üzərinə isti su axıdılsın. Arxa şüşənin və güzgülərin qızdırılıb-qızdırılmadığı yoxlanılmalı, o cümlədən bütün elektrik qızdırıcı cihazların sazlığına nəzarət edilməlidir. Həmçinin sürücülər avtomobildə duman faralarının saz vəziyyətdə olmasını da diqqətdən qaçırmamalıdırlar. Soyuq havalarda donmanın qarşısını almaq üçün mütləq antiflizdən istifadə edilməlidir. Suyun tərkibinə qatılacaq antiflizin miqdarını temperatura uyğun müəyyənləşdirmək olar.
Vaxtlı-vaxtında avtomobillərin əyləc sisteminə texniki baxış keçirmək lazımdır. Xüsusən, 4 çarxlı avtomobillərin əyləc sisteminin qış rejiminə hazır olub-olmadığı yoxlanılmalıdır. Həmçinin yağışlı, qarlı havalarda avtomobillərin təkərləri qış rejiminə uyğun olaraq dəyişdirilməlidir. Qış fəslində istifadə olunan təkərlərin üzərlərindəki naxışlar daha hündür olmalı, təkərlərin təzyiqi nisbətən aşağı salınmalıdır. Avtomobilin alt səthini palçıqdan qorumaq üçün isə qoruyucu vasitələrin saz olmasına diqqət yetirilməlidir.
Bəlkə də bir çox sürücülərin fikir vermədikləri nüanslardan biri də salonun isidilməsidir. Əslində isə isidici sistemlər texniki nəzarətdən keçirilmədən ondan istifadə olunmamalıdır. Yay fəslində isidici sistemdən uzun zaman istifadə edilmir. Bu da həmin sistemdən qışda istifadə olunan zaman müəyyən problemlər yarada bilər.
Qarlı və buz bağlamış yollarda təkərlərin zəncirlənməsi də mühüm amillərdəndir. Qış fəslində bütün avtomobillərdə təkərlər üçün ən azı 2 zəncir olmalıdır. Dörd çarxlı avtomobillərdə isə 4 zəncirin saxlanılması məsləhətdir.
Bundan başqa, qarlı-şaxtalı havalarda avtomobillər arasında ara məsafəsinin saxlanılması da baş verə biləcək qəzanın qarşısının alınmasında önəmli rol oynayır.
Qış fəslinin sərt üzünün hələ qabaqda olduğuna diqqət yetirsək, sürücülərin bu amillərə fikir vermələrinin və avtomobillərinə düzgün texniki qulluq göstərmələrinin vacibliyi bir daha aydın görünər. Burada isə əsas məsuliyyət məhz sürücülərin üzərində düşür.