İQTİSADİYYAT
Azərbaycan BMT-nin təşəbbüsü ilə keçirilən “Hamı üçün davamlı enerjinin maliyyələşdirilməsi” forumunda təmsil olunur
Bakı, 20 may, AZƏRTAC
Mayın 18-dən 21-dək ABŞ-ın Nyu-York şəhərində BMT-nin təşəbbüsü ilə keçirilən “Hamı üçün davamlı enerjinin maliyyələşdirilməsi” forumunda Azərbaycanı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun, Energetika Nazirliyinin, Dövlət Neft Şirkətinin (SOCAR) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbər işçilərindən ibarət nümayəndə heyəti təmsil edir.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sayca ikinci forumda BMT-nin baş katibi, Dünya Bankının prezidenti, bir çox dövlət başçıları, nazirlər, BMT-nin ixtisaslaşmış təşkilatlarının və aparıcı özəl sektorunun rəhbərləri iştirak edirlər.
Bir neçə sessiyadan ibarət olan Forumda müxtəlif mövzular üzrə müzakirələr aparılıb. Forumda “Hamı üçün qlobal davamlı enerji təşəbbüsü” üzrə hesabat və məruzələr dinlənilib, dünyada bilik, innovasiya və təcrübi məlumatların paylaşılması ilə fəaliyyətin, həll yollarının təlqin edilməsi, 2030-cu ilədək hamı üçün davamlı enerjiyə nail olmaq məqsədilə tələb olunan səviyyədə maliyyənin təmin edilməsi üçün fikir və mexanizmlərin təqdim olunması, BMT-nın hamı üçün davamlı enerji onilliyinin (2014-2024-cü illər) inkişaf etdirilməsi üçün qlobal maraqlı tərəflərin fəaliyyətinin daha da genişləndirilməsi kimi mövzular müzakirə edilib.
Həmçinin Hamı üçün Qlobal Davamlı Enerji Öhdəlik Platforması təsis edilib ki, bu da gələcəkdə forumun fəaliyyətinin təkmilləşdirilməsinə dəstək olacaq.
Bununla yanaşı, mayın 20-21-də sözügedən forumun qlobal enerji nazirləri səviyyəsində siyası dialoqu nəzərdə tutulub ki, burada enerji ilə təmin edilmə, enerji səmərəliyinin qlobal olaraq, o cümlədən bərpa edilən enerjinin ümumi enerjidə payınin iki dəfə artırılması və digər mövzular üzrə müzakirələrin aparılması planlaşdırılır.