MƏDƏNİYYƏT
Azərbaycan Çexiyada 15-ci RefuFest mədəniyyətlərarası festivalında təmsil olunub VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Çex Respublikasının paytaxtı Praqada keçirilən 15-ci RefuFest mədəniyyətlərarası festivalında ölkəmiz də təmsil olunub.
AZƏRTAC xəbər verir ki, festivalda Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatında könüllü kimi fəaliyyət göstərən Xədicə Əliyevanın təşəbbüsü, Azərbaycanın Çex Respublikasındakı səfirliyinin maddi dəstəyi və bu ölkədəki Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib.
Festivalda Azərbaycan guşəsini ziyarət edən Çex Respublikasındakı səfirimiz Adış Məmmədov bu kimi festivalların xalqların mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıb. O, bir çox ölkələrin də iştirak etdiyi bu festivalda Azərbaycan guşəsinin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib. Səfir gənclərin ölkənin təbliği istiqamətində fəal iştirakını yüksək qiymətləndirib və onlara təşəkkürünü bildirib.
Guşədə nümayiş olunan ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və Çex dillərində olan nəşrlər və suvenirlər ziyarətçilərin böyük marağına səbəb olub.
Azərbaycanlı xanımların hazırladıqları milli mətbəx nümunələrindən - paxlava, şəkərbura, dolma, dovğa, Qarabağ kətəsinin və Azərbaycan şərablarının dadına baxan qonaqlar məmnunluq hisslərini ifadə ediblər.
Festivalda azərbaycanlı gənclər “Sarı gəlin” xalq mahnısını da ifa ediblər.
Milli geyimdə olan azərbaycanlı gənclər guşəyə yaxınlaşan qonaqlara Azərbaycan mədəniyyəti və milli mətbəx nümunələri haqqında ingilis, rus və Çex dillərində ətraflı məlumat veriblər.
Festivalda Azərbaycan guşəsi diqqətçəkən və maraqlı guşələrdən biri kimi yadda qalıb.
Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Belarus, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Tatarıstan, Ukrayna, Vyetnam və digər xalqların mətbəx nümunələri nümayiş olunub, müxtəlif seminarlarda ölkələrin mədəniyyətləri və adət-ənənələri geniş təbliğ edilib.