ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutu Misir universitetləri ilə əlaqələr qurmaq niyyətindədir
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə görüşüb.
Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi institut ilə mərkəz arasında əməkdaşlıq məsələlərini müzakirə etmək olub.
Əhməd Sami Elaydi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu bildirib. Bu ali məktəbin fəaliyyətini diqqətdə saxladığını söyləyən mərkəzin müdiri əməkdaşlıqla bağlı təkliflərlə çıxış edib. Aİİ ilə Misir universitetləri arasında əlaqələrin təşkili, təcrübə mübadiləsi, ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra məsələlərə toxunulub. Əhməd Sami Elaydi mərkəzin Aİİ-də ərəb dili və xəttatlıq kurslarının təşkilinə kömək edə biləcəyini, həmçinin institutun tələbələri üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində də üçaylıq dil kurslarının keçirilməsinin mümkünlüyünü vurğulayıb. O, Aİİ kitabxanasının ərəbdilli ədəbiyyatla zənginləşdirilməsi məqsədilə kitablar hədiyyə edəcəyini bildirib.
Aİİ-nin rektoru C.Məmmədov ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. Rektor ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini vurğulayan rektor müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirildiyini söyləyib. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında danışıb. İnstitutun ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən rektor institutda bununla bağlı ərəb dilinin, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədris olunacağını qeyd edib. Aİİ rektoru institutun fəaliyyətində dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən bəhrələnəcəyini söyləyib, Misir universitetləri ilə təcrübə mübadiləsi, tələbə və müəllim heyətinin doktorantura və magistratura pilləsi üzrə təhsil imkanlarından danışıb.
Sonda Əhməd Sami Elaydi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ərəb dilinə tərcümə etdiyi “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabını Aİİ-nin rektoruna təqdim edib.