REGİONLAR
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Qəbələnin Nic qəsəbəsində olub VİDEO
Qəbələ, 12 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun müəllim-tələbə kollektivi Beynəlxalq Tolerantlıq Günü münasibətilə ənənəvi təşkil olunan Qəbələ rayonunun Nic qəsəbəsinə səfər edib.
AZƏRTAC xəbər verir ki, institut kollektivi Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.
Kollektiv daha sonra Qəbələ Rayon Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla anıb, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüblər.
Səfər zamanı Qəbələ şəhər məscidi də ziyarət olunub. Məscidin inşasına 2010-cu ilin may ayından başlanıldığı və 2013-cü ilin əvvəlində tikintinin başa çatdırıldığı bildirilib. Məlumat verilib ki, dini ibadət abidəsi Heydər Əliyev Fondunun sifarişi ilə tikilib. Yeni binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi kilsəsində və Müqəddəs Məryəm Ana kilsəsində və Yalavac məscidində də olub. Onlara dünyada yaşayan udilər haqqında geniş məlumat verilib. Bildirilib ki, altı mindən çox əhalisi olan Nic qəsəbəsində hazırda dörd mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini min illərdir qoruyub saxlayırlar. Qəsəbədə, həmçinin ibtidai sinif şagirdləri üçün udi dili tədris olunur.
Ali təhsil müəssisəsinin kollektivinə hər iki kilsə haqqında geniş məlumat verilib. Nəzərə çatdırılıb ki, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral məbəddir. Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb və 2020-ci ilin noyabrında – 44 günlük müharibə zamanı məbəddə yenidənqurma işləri başa çatdırılıb.