İQTİSADİYYAT
Azərbaycan MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında təmsil olunub
Gələn il Azərbaycanda şuranın 42-ci iclasının, habelə “Memarlıq və şəhərsalma ili” çərçivəsində elmi-praktiki konfransın və memarlıq müsabiqəsinin təşkili planlaşdırılır
Bakı, 4 noyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti, 40-cı iclası şuraya hazırda sədrlik edən Özbəkistanın Tikinti Nazirliyi tərəfindən Daşkənd şəhərində videokonfrans formatında təşkil olunub. Azərbaycan Respublikası adından şura üzvü olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu iclasda komitənin sədr müavini Dövlətxan Dövlətxanov və digər vəzifəli şəxsləri tərəfindən təmsil edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydaların, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi, MDB-nin 2021-ci ildə qeyd olunacaq 30 illik yubileyinə həsr ediləcək tədbirlər və digər müştərək həyata keçiriləcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Bununla yanaşı, iclas çərçivəsində MDB-yə üzv dövlətlər tərəfindən 2021-ci ilin “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunması ilə əlaqədar tədbirlər planı da müzakirə edilib. Plana əsasən, gələn il Azərbaycanda “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktik konfransın və “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclasının da 2021-ci ildə Azərbaycanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, MDB-nin üzv dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şura birliyə daxil olan ölkələrdə tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması, inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılıb. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən Hökumətlərarası Şuranın üzvüdür. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, şəhərsalma sənədlərinin işlənməsi, memarlıq fəaliyyəti, inşaat materiallarının istehsalı, tikintinin təşkili və sair bu kimi istiqamətləri əhatə edir.