ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyasının ilk məzunlarına  diplomlar təqdim olunub VİDEO

Bakı, 7 iyul, X.Cəfərova, P.İmanova AZƏRTAC

İyulun 7-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir k, AMEA-nın prezidenti, akademik Akif Əlizadə əlamətdar hadisə münasibətilə məzunları təbrik edib, uğurlar arzulayıb. Bildirilib ki, birinci qəbul ilində AMEA-nın magistraturasına 400-dək bakalavr müraciət edib və yekunda onlardan 19-u doqquz ixtisas üzrə yüksək balla qəbul olunub. A.Əlizadə məzunlardan 15-nin magistraturanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb.

Akademiyanın magistraturasına böyük maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb. Belə ki, 2016/2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə 1700-dən çox bakalavr müraciət edib və son məlumata görə onlardan 67-si tələbə adını qazanıb.

Akademik A.Əlizadə vurğulayıb ki, tələbələr AMEA-da müasir avadanlıqla təchiz olunmuş laboratoriyalarda təcrübə keçməklə yanaşı, beynəlxalq təcrübələrdə də iştirak ediblər. Magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək məqsədilə magistrantlar arasında “Magistr-2017” müsabiqəsi keçirilib. Magistrantlar işlə təmin olunub, qrant layihələrinə cəlb ediliblər.

AMEA-nın Təhsil Nazirliyi ilə əməkdaşlığının əhəmiyyətini qeyd edən A.Əlizadə universitetlərdə yaradılmış “SABAH” qruplarında təhsil alan 200-dən çox, ümumilikdə 500-dən artıq tələbənin akademiyanın elmi müəssisələrində təcrübə keçdiyini bildirib. Akademik bundan sonra da AMEA-nın elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirəcəyini və bu yöndə atılmış addımları dəstəkləyəcəyini deyib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə güclü elmi potensialın cəmləndiyi akademiyada magistratura pilləsinin yaradılması ölkənin sosial-iqtisadi və mədəni inkişafına, biliklər cəmiyyətinin formalaşmasına yönələn mühüm addımlardandır. Dövlət başçısının “Qara qızılı insan kapitalına çevirməliyik” çağırışını xatırladan nazir AMEA-nın ilk magistrlərinin buraxılış gününü əlamətdar hadisə adlandırıb, bu işdə əməyi olan alimlərə minnətdarlığını bildirib. M.Cabbarov məzunları təbrik edib, müvəffəqiyyətlər arzulayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AMEA-da ilk “Məzun günü”nü tarixi hadisə adlandırıb, Azərbaycanda elm və təhsilin inteqrasiyasının uğurlu nəticəsi olduğunu vurğulayıb. Respublikanın ali elm ocağının ilk məzunlarını təbrik edən M.Abbaszadə dünyanın inkişaf etmiş ölkələrində güclü elmi məktəblərin, elmi ənənələrin olduğunu, elmin həyatın bütün sahələrinə daxil edildiyini bildirib, AMEA-da magistratura pilləsinin yaradılmasının ölkə elminə gələcəkdə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

AMEA-da daha bir uğura imza atıldığını deyən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu elm məbədində aparılan islahatların müsbət nəticələr verdiyini söyləyib.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, bakalavriatura mərhələsində əsasən ümumi nəzəri biliklər alan tələbələrin magistraturada məqsədi biliklərini təcrübədə tətbiq etmək və qarşıya çıxan problemlərin həllini tapmaqdır. Akademik elm və təhsilin inteqrasiyasında mühüm amil olan AMEA alimlərinin təhsil prosesinə, konkret olaraq magistratura təhsilinə daha geniş cəlb edilmələrinin ölkənin intellektual potensialının yüksəlməsində müsbət rol oynayacağını söyləyib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova son illər elmlə təhsilin inteqrasiyası istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Akademik AMEA-da magistratura təhsilinin təşkilinin gənclərin elmi fəaliyyətə cəlb olunmalarına böyük təkan verdiyini deyib.

Tədbirdə, həmçinin magistrlərin elmi rəhbərləri AMEA-da magistratura pilləsinin yaradılmasının elm və təhsilin inteqrasiyası, gənclərin elmə marağının artırılması istiqamətində atılmış uğurlu addım olduğunu bildiriblər.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Nəsimi adına Dilçilik İnstitutunun magistrləri Nigar İbrahimova və Aynur İmanova AMEA-nın ilk məzunları adını daşımaqdan qürur hissi duyduqlarını, onlara olan ümidləri doğrultmağa çalışacaqlarını söyləyiblər. Yaradılan şəraitə görə akademiya rəhbərliyinə təşəkkürlərini bildirən məzunlar bundan sonra da elmi fəaliyyətlərini uğurla davam etdirmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.

AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.