REGİONLAR
Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır VİDEO
Füzuli, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq, son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Horadiz şəhərindəki Muğam Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon ictimaiyyətinin, ziyalıların, gənclərin, “N” saylı hərbi hissənin zabit və əsgərlərinin iştirak etdiyi tədbirdə Dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Vətənimizin müdafiəsində duran hərbi qulluqçulara çətin və şərəfli işlərində uğurlar arzulayıb. A.Alıyev Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətindən bəhs edərək bildirib ki, aprel ayında cəbhədə baş verən son döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini sübut etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Azər Quliyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Almaz Həşimova, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov, “Azərbaycan bayrağı” ordenli müharibə veteranı Sevindik İsmayılov çıxışlarında Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordunun formalaşmasında və gücləndirilməsindəki xidmətlərindən danışıb, Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Çıxışlarda 2016-cı ilin aprel ayında qoşunların təmas xəttində gedən döyüşlərdə Azərbaycan hərbçilərinin göstərdiyi şücaətdən fəxarətlə bəhs edilib. Bildirilib ki, aprel döyüşlərində cəbhədə baş verən hadisələr zamanı Azərbaycan xalqı ordu ilə birlik nümayiş etdirdi. Cəbhədə baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycanın güclü ordusu, qətiyyətli Ali Baş Komandanı var. Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı qısa vaxt ərzində azad etməyə hazırdır və buna qadirdir.
Tədbir Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı ilə davam edib. “N” saylı hərbi hissənin əsgərlərinə rayon icra hakimiyyəti tərəfindən hədiyyələr verilib.