Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirlərini qəbul etmişdir

Qəbələ, 10 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirlərini qəbul etmişdir.

Prezident İlham ƏLİYEV diplomatları salamlayaraq dedi:

-Hörmətli səfirlər, xoş gəlmisiniz!

İlk növbədə, Qəbələyə gəldiyinizə görə sizə təşəkkürümü bildirirəm. Bilirəm, çox məşğulsunuz, bu gün və sabah Bakıda çoxlu görüşləriniz vardır. Ümid edirəm ki, görüşləriniz uğurlu olacaqdır. Çox vaxt Azərbaycanla bağlı kütləvi informasiya vasitələrindən xəbər tutduğunuz vəziyyəti öz gözlərinizlə görəcəksiniz. Bu, insanlarla görüşmək, ölkənin inkişafını, əldə olunan nailiyyətləri görmək üçün yaxşı fürsətdir.

Keçən il biz müstəqilliyimizin 20 illiyini qeyd etdik. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə nəzərəçarpacaq irəliləyiş əldə edib. Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi beynəlxalq ictimaiyyətin bizə verdiyi dəstəyin bariz nümunəsi idi. Bu 20 il ərzində biz özümüzü yaxşı tərəfdən göstərməyə nail olmuşuq, dünyaya öz səsimizi çatdıra bilmişik. 155 ölkənin bizə verdiyi dəstək gördüyümüz işlərin nəticəsi idi.

Biz Azərbaycanda siyasi və iqtisadi islahatlar siyasətini yürüdürük. Bunları paralel şəkildə həyata keçirməyə çalışırıq. Bu sahədə inkişafa nail olmuşuq. On ildən çoxdur ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Biz üzərimizə siyasi transformasiyaya dair bir sıra öhdəliklər götürmüşük. Keçmişə, hər şeyin nədən başladığına nəzər saldıqda görürük ki, heç bir siyasi sistem, bazar iqtisadiyyatı mövcud deyildi. 1991-ci ilədək biz Sovet İttifaqının bir hissəsi idik. Bunun necə sistem olduğu sizə məlumdur. İndi ölkədə siyasi təsisatlar, demokratik azadlıqlar, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı mövcuddur. Düşünürəm ki, bu, xalqımızın inkişafı üçün mühüm rol oynayıb. Bizdə azad internet vardır və ölkə əhalisinin 60 faizi internet istifadəçisidir. Bütün kəndlər genişzolaqlı internet xətti ilə təmin edilmişdir. Bu proqram ən geci ilyarım ərzində tamamlanacaqdır.

Biz iqtisadi sahədə əhəmiyyətli dəyişikliklərə nail olmuşuq. Ölkə iqtisadiyyatında özəl sektorun payı 60 faizdən çoxdur. Bir neçə il dünyanın ən sürətlə inkişaf edən ölkəsi olmuşuq. Bu da bizə son 9 il ərzində ümumi daxili məhsulu 3 dəfə artırmağa, yoxsulluq səviyyəsini 49 faizdən 7 faizə endirməyə imkan yaradıb. İşsizlik səviyyəsi 5,4 faizə düşüb. Doqquz milyondan çox əhalisi olan ölkədə 1 milyon iş yeri açmağa müvəffəq olmuşuq. Biz, həmçinin iqtisadiyyatı şaxələndirə bilmişik.

Beynəlxalq maliyyə institutları bizim islahatları dəstəkləyir. Davos İqtisadi Forumunun dünya ölkələrinin rəqabətlilik göstəricisi siyahısında Azərbaycan 46-cı yerdədir. Bir neçə ildir ki, biz MDB dövlətləri arasında birinci yerdəyik. Bu yaxınlarda iqtisadi və maliyyə böhranına baxmayaraq, “Standard & Poors”, “Moody’s” və “Fitch” reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldib. İnsanların həyat səviyyəsi gündən-günə yaxşılaşır. Biz çoxsaylı sosial-infrastruktur layihələri həyata keçiririk və iqtisadi transformasiya artıq reallıqdır. Eyni zamanda, enerji mənbələrindən asılılığı da aradan qaldırmağa nail olmuşuq. Biz islahatlara başladığımız dövrdəki asılılıqdan azad olmağa nail olmuşuq. Hazırda ümumi daxili məhsulda enerji amilinin çəkisi aşağı düşməkdədir, qeyri-neft sektorunun payı artır. Bu ilin ilk 6 ayı ərzində qeyri-enerji iqtisadiyyatımız 10 faizdən çox artıb. Bu da onu göstərir ki, iqtisadiyyatın transformasiyası və şaxələnməsi uğurlu olub.

Enerji layihələrinin həyata keçirilməsinə başladığımız zaman bəzi insanlar “Holland sindrom”u təhlükəsi ilə üzləşəcəyimizi, neftin Azərbaycan üçün bəlaya çevriləcəyini bildirmişdilər. Lakin enerji layihələrindən əldə olunan maliyyə vəsaitlərinin müdrik idarə olunması, həmin sərvətin əhali arasında düşünülmüş şəkildə bölüşdürülməsi və strateji əhəmiyyətli layihələrin reallaşması sayəsində enerji amilindən asılılığı azalda bilmişik. Buna baxmayaraq, enerji təhlükəsizliyi iqtisadi və siyasi həyatımızın mühüm bir parçası olaraq qalacaqdır. İndi bizim enerji mənbələrimizə daha çox tələbat vardır. Biz dostlarımızla geniş əməkdaşlığa, dünya enerji bazarının proqnozlaşdırılması, istehsalçılar arasında ədalətli rəqabət, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balanslaşdırılmasına istiqamətlənmiş mühüm enerji layihələri həyata keçiririk. Əminəm ki, əldə etdiyimiz inkişafı, üzləşdiyimiz çətinlikləri öz gözlərinizlə görmək üçün bu gün və sabah belə bir imkanınız olacaqdır.

Təkcə bizim üçün deyil, həm də bütün dünya üçün əsas narahatlıq doğuran məsələ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsidir. Münaqişə, onun başlanması səbəblərinin təfərrüatlarına varmaq istəməzdim. Siz bunu yaxşı bilirsiniz. Lakin bu iki məsələyə diqqətinizi yönəltmək istərdim. Azərbaycan erməni təcavüzünün qurbanıdır. Bu, danılmaz faktdır. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir.

Bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Sovet vaxtı Dağlıq Qarabağ muxtar vilayət olub, hətta muxtar respublika belə olmayıb, o, Ermənistanla inzibati sərhədlərə belə malik deyil. Beləliklə, Dağlıq Qarabağ Azərbaycanın ərazisi daxilində yerləşir və münaqişə başladıqda orada yaşayan insanların etnik tərkibi 75-25 faiz nisbətində idi. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Ermənistan 7 ətraf rayonda etnik təmizləmə siyasəti aparıb. Halbuki orada heç bir zaman erməni əhalisi yaşamayıb. Nəticədə bizim Dağlıq Qarabağın ətrafındakı rayonlardan 750 mindən çox, Qarabağın özündən 40 min, Ermənistandan qovulan 200 mindən çox qaçqın və köçkün soydaşımız var. Bu rəqəmlər aydın məsələdir ki, münaqişənin başlandığı, etnik təmizləmə aparıldığı dövrə aiddir. Keçən dövr ərzində məcburi köçkün ailələrdə demoqrafik artım baş verdiyinə görə bu rəqəmlər də artmaqdadır.

Dağlıq Qarabağın ətraf rayonları dağıdılıb. ATƏT iki missiya göndərib. Birincisi faktaraşdırıcı, ikincisi isə qiymətləndirmə missiyalarıdır. Onlar hər şeyin dağıdıldığını təsdiq ediblər. Bizim şəhərlər kimsənin yaşamadığı kabus şəhərlərinə çevrilibdir. Bütün infrastruktur darmadağın edilib, bütün qəbiristanlıqlar, məscidlər və tikililər yerlə-yeksan olunub. Bu, Ermənistan tərəfindən, gəlmələr tərəfindən törədilib. Bu, münaqişənin real mənzərəsidir.

Beynəlxalq ictimaiyyət məsələnin həllində fəal iştirak edir. Bizim məsələni həll etmək üçün hərtərəfli hüquqi bazamız vardır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır. Onların heç biri yerinə yetirilməyib. ATƏT-in qərarları, Lissabon sammiti və digər qərarlar, hamımız bunları xatırlayırıq. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda, NATO-nun Çikaqoda keçirilmiş sammitində də bu məsələyə baxılıb. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Ermənistan prezidentinin, mənim və Rusiya Prezidenti Dmitri Medvedevin tərəfindən imzalanmış Mayndorf bəyannaməsində də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həllini tapmalıdır. Bu qərar və qətnamələr birmənalıdır.

Məsələnin həlli ilə bağlı Helsinki Yekun Aktına da istinad edilir. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi arasında balans açıq-aydın göstərilir. İnsanların öz müqəddəratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipinə xələl gətirməməlidir. Üstəlik, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyin ediblər, Ermənistan dövlətini yaradıblar və bu dövlət tarixən azərbaycanlılar tərəfindən məskunlaşmış ərazidə yerləşir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq vermişdi. Çoxları bundan xəbərsizdir, lakin bu, həqiqətdir. Biz daha bir erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik. Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki, onların maksimalist yanaşması, Dağlıq Qarabağ üçün müstəqillik tələb etmələri mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcəkdir. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb, Dağlıq Qarabağı heç kim tanımır. Azərbaycan Dağlıq Qarabağı heç vaxt tanımayacaqdır. Buna görə də Ermənistanın irəliləyiş əldə etmək üçün ən yaxşı variantı 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupunun təqdim etdiyi təkliflərə qayıtmaqdır. Azərbaycan bunları dəstəkləyir. Siz bu təkliflərin nədən ibarət olduğunu bilirsiniz: işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Yalnız bundan sonra Ermənistan ilə əlaqələr təmin olunacaq, Dağlıq Qarabağın gələcək statusu hər iki tərəf hazır olduqda müəyyənləşdiriləcəkdir.

Ermənistanın rədd etdiyi formulanı biz qəbul etmişik. Bundan sonra danışıqlar prosesi bir ildən çoxdur ki, durğunluq mərhələsinə daxil olub. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin, xüsusən də, onların status-kvonun qəbuledilməz olması barədə bəyanatı bizi çox ruhlandırdı. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin Ermənistan status-kvonu saxlamağa çalışır və danışıqlar masasında oturmaq istəmir. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, status-kvonu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər. Qüvvələr və güc balansı dəyişir, Azərbaycan 20 il bundan əvvəlki ölkə deyildir. Azərbaycan özünü qorumaq iqtidarında olan ölkədir. Ermənistan üçün ən yaxşı çıxış yolu onun gələcəyinin regionun inkişafından asılı olduğunu anlamasıdır. Qonşular birgə yaşamağa öyrənməli və işğala son qoymalıdırlar. Hər şey işğalla əlaqəlidir. Bəzən Ermənistan liderləri deyirlər ki, Azərbaycan bu ölkə ilə bütün əlaqələrə son qoyub. Axı, siz torpaqlarımızı işğal edən ölkə ilə əməkdaşlığımızı necə gözləyə bilərsiniz?! Siz, öz ölkələrinizin bütün tarixi abidələrini darmadağın etmiş, ərazilərinizi işğal etmiş və bu işğalı davam etdirmək niyyətində olan işğalçı bir ölkə ilə əməkdaşlığı necə təsəvvür edə bilərsiniz? Bu, mümkün deyildir. İşğala son qoyulmalıdır. Ərazilərin işğaldan azad olunması prosesi mümkün qədər tez başlamalıdır. İşğaldan azad olunma prosesi başlayan kimi, biz münasibətlərin normallaşdırılması, gərginliyin kəskin dərəcədə azaldılması istiqamətində mühüm addımlar atmaq məsələsini nəzərdən keçirməyə hazırıq. Amma əvvəlcə bu proses başlanmalıdır. Sözdən əmələ keçmək lazımdır. Bu, bütün ölkələrin, eləcə də bizim, əminəm ki, Ermənistanın da marağındadır. Bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşamalı və beynəlxalq hüquq mümkün qədər tez bərpa edilməlidir.

Mən bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar. Mən indi çıxışımı yekunlaşdırmalıyam, çünki bu münaqişə ilə bağlı çox danışa bilərəm, amma söhbətimizi fikir mübadiləsi şəklində davam etdirməyi daha məqsədəuyğun hesab edirəm. Təşəkkür edirəm.

 

X X X

Norveçin ATƏT-dəki nümayəndəsi Robert KVİL nümayəndə heyətini qəbul etdiyinə və onlara Azərbaycanın digər bölgələrini də görmək imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Səfir qeyd etdi ki, ATƏT-in üzvü olan ölkələrin səfirlərinin ildə bir dəfə təşkilatın iştirakçı ölkələrinin birinə getmək ənənəsini davam etdirərək, bu il Azərbaycana səfər etmək qərara alınmışdır. Bunun səbəbi isə Azərbaycanın təşkilatdakı rolu və ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair fəaliyyətinə diqqət göstərilməsidir. “Lakin missiya, eyni zamanda, Sizinlə təhlükəsizlik və iqtisadiyyatla bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparmaq niyyətindədir”, - deyən Robert Kvil görüşdə iştirak edən səfirlərdən Prezident İlham Əliyevə müraciət etmək istəyənlərin olduğunu bildirdi.

İrlandiyanın ATƏT-dəki nümayəndəsi Eoin O`LERİ Prezident İlham Əliyevə müraciət edərək bu səfər zamanı aparılacaq müzakirələrin və fikir mübadiləsinin çox əhəmiyyətli olduğunu qeyd etdi.

Sonra Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey KELİN çıxış edərək dedi:

-Çox sağ olun İlham Heydəroğlu!

Mən Azərbaycanda təxminən bir il əvvəl olmuşam. Çox möhtəşəm dəyişikliklərin şahidi oldum. Dünən bizim Xəzər sahili boyu bulvarda gəzmək imkanımız oldu. Bulvarda gəzən çoxlu rusları gördük. Onlar özlərini çox rahat hiss edirlər. Bir səfir kimi bunları görmək məni çox məmnun edir.

Bilirsiniz ki, təmsil etdiyim ölkə Qafqazda təhlükəsizlik və sabitlik amilinə, o cümlədən onun qorunub saxlanmasına nə qədər böyük önəm verir. Biz Minsk qrupu çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik və Sizə bu istiqamətdə dəstəyimizi nümayiş etdirəcəyik. Eyni zamanda, qeyd etməliyəm ki, biz çox çətin bir məqamda gəlmişik. Biz iki gün əvvəl İrəvanda səfərdəydik və prezident Sarkisyanın açıqlamalarında müəyyən gərginlik sezdik. Bu, Sizə də məlum olan son hadisələrlə əlaqədardır. Demək istərdim ki, belə bir məqamda vəziyyəti normallaşdırmaq üçün xoşməramlı siyasi jest olduqca əhəmiyyətlidir. Qeyd etmək istədiyim sonuncu məqam ondan ibarətdir ki, 56 ölkənin iştirak etdiyi ATƏT-də biz yalnız siyasi məsələlərlə bağlı deyil, eləcə də terrorizm, narkotik və təhlükəsizliklə bağlı qarşılıqlı maraq kəsb edən digər məsələlərin həlli istiqamətində də birgə fəaliyyət göstəririk. Bu məsələlərdə vahid mövqedən çıxış etmək olduqca vacibdir, çünki bunlar hamının faydalana biləcəyi siyasiləşdirilməmiş konseptual sənədlərdir. Bu da bizim üçün çox vacibdir. Təşəkkür edirəm.

X X X

Prezident İlham ƏLİYEV:

-Təşəkkür edirəm. Mən Ermənistanda ölkədaxili gərginliyin artması ilə bağlı narahatlıqdan başlamaq istərdim. Azərbaycan beynəlxalq təcrübəyə, fərq etməz, yazılı və ya şifahi öhdəliklərə zidd ola biləcək heç bir addım atmayıb. Biz bilirik ki, Ermənistanda Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı hay-küy yaranıb. Mən bununla bağlı münasibətimi artıq bildirmişəm. Bir daha bildirirəm ki, Səfərovun ekstradisiyasından tutmuş əfvinə qədər hər şey Avropa Konvensiyasına, o cümlədən Azərbaycan Konstitusiyasına uyğun həyata keçirilib. O, həbsxanada təxminən 9 il cəza çəkib. Buna görə də, Ermənistan bu vəziyyətdən sülh danışıqlarını pozmaq üçün bəhanə kimi istifadə etməməlidir.

Mən giriş nitqimdə qeyd etdim ki, 2011-ci ilin iyununda Kazanda keçirilən son görüşdən sonra danışıqlar prosesi durğunluq mərhələsindədir. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər edir, lakin bizim hazırda müzakirələrimizin əsas mövzusu danışıqlar prosesinin mahiyyətinə deyil, gərginliyin, potensial təhlükənin azaldılmasına yönəlib. ATƏT-in Minsk qrupu yaranandan bəri ilk dəfədir ki, danışıqlar prosesinin dalana dirəndiyinin şahidiyik. Ötən illərdə danışıqlar prosesinin bir neçə mərhələsi, bir sıra təkliflər nəticəsiz olub. Praqa prosesindən başlayıb Madrid prinsipləri ilə tamamlanan, Azərbaycanın imtina etmədiyi sonuncu təkliflər paketi bəzi ermənilərin bunun əksini söyləməsinə baxmayaraq, mən deyərdim ki, həll üçün bəlkə də son təklif və son imkan idi. Ermənistan hazırda bu epizoddan bəhanə kimi istifadə edir. Onlar bacardıqları qədər status-kvonu saxlamaq istəyirlər. Onlar həmişə məsələnin sülh yolu ilə həllini istədiklərini bildirirlər. Biz də problemin sülh yolu ilə həllini istəyirik. İyirmi il ATƏT-in Minsk qrupunda olmağımız aydın şəkildə göstərir ki, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh yolu ilə həlldən başqa biz, eyni zamanda, torpaqlarımızın da azad olunmasını istəyirik. Lakin Ermənistan yalnız sülh yolu ilə həll istəyir, onlar yalnız sülh istəyirlər. Biz də sülh istəyirik, həm də torpaqlarımızı istəyirik. Bu torpaqlar tarixən, siyasi baxımdan və hüquqi baza nöqteyi-nəzərindən bizimdir. Buna görə də onlar Ramil Səfərov məsələsini qabartmağa çalışırlar. Onlar ölkədaxili lazımsız hay-küy yaradırlar. Mən əfv Sərəncamımla bağlı Ermənistan prezidentinin daxili problemlərini başa düşürəm. Lakin bu, onun problemidir, bu, regionun problemi deyildir. Hər bir prezidentin ölkədaxili problemləri ola bilər. Lakin bu, heç də qeyri-etik davranaraq sülh prosesini zədələmək üçün səbəb ola bilməz. Ona görə də onlar bir az təmkinli olmalı, reallığı olduğu kimi qəbul etməlidirlər.

Mən paralellik aparmadan sadəcə bir tarixi məqamı xatırlatmaq istərdim. 2001-ci ildə Ermənistan prezidenti Fransanın Orli hava limanında Türk Hava Yollarına məxsus zolaqda bir neçə nəfərin, səhv etmirəmsə 1 amerikalı, 4 fransız, digərləri türk olmaqla 8 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədən Karapetyan adlı terrorçunu əfv edib. Karapetyan Ermənistan vətəndaşı deyildi, lakin bir neçə il həbs cəzası çəkdikdən sonra o Ermənistana ekstradisiya olundu və Sarkisyanın xələfi və yaxın tərəfdaşı Koçaryan onu dərhal əfv etdi. Həmin vaxt biz beynəlxalq təşkilatlardan, siyasətçilərdən bu məsələ ilə bağlı heç bir açıqlamanın şahidi olmadıq. Mən 8 nəfərin qatili, 50 nəfərin yaralanmasına səbəb olan terrorçu ilə zabitimiz arasında paralellik aparmıram. Lakin bu, bir həqiqətdir. İndi ermənilərin özlərini təhqir olunmuş kimi qələmə verməyə haqları yoxdur. Mənə elə gəlir ki, buna bütün məqamlardan yanaşdıqda bu, doğru qərar idi. İndi Ermənistanın özünə ismarıc göndərilməlidir: bundan danışıqlar prosesini pozmaq üçün bəhanə kimi istifadə etməyin, bundan gərginlik yaratmaq üçün istifadə etməyin! Gərginliyi yaradan Azərbaycan deyil, onlardır. Onlar sakitləşməli, danışıqlar masasına qayıtmalı və münaqişənin mümkün qədər tez həlli yolunu tapmağa çalışmalıdırlar.

X X X

ABŞ-ın ATƏT-dəki nümayəndəsi İn KELLİ çıxış edərək Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəklədiyini və bu fəaliyyətin əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, Prezident Obama və dövlət katibi Hillari Klinton da şəxsən Minsk qrupunun fəaliyyətinə cəlb olunublar. Səfir, eyni zamanda, Azərbaycan Prezidentinin etimad yaratmağa yönələn tədbirlərini, humanitar əlaqələri dəstəkləməsini yüksək qiymətləndirdiyini vurğuladı.

X X X

Görüşün davamında Avstriya, Fransa, İsveçrə və Türkiyənin ATƏT-dəki səfirləri Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq, ölkəmizin quruma üzv olduğu 20 il ərzində əldə etdiyi nailiyyətlər, Azərbaycan-ATƏT əməkdaşlığının bütün aspektləri üzrə qazanılan uğurlar, respublikamızın yerləşdiyi geostrateji vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli və bu istiqamətdə səylərin artırılması ilə bağlı fikirlərini bildirdilər.

Səfirlər, eyni zamanda, təmsil etdikləri ölkələr ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı və bu istiqamətdə qarşılıqlı sərmayə yatırımı, müxtəlif layihələrin həyata keçirilməsi, yüksək səviyyəli səfərlərin planlaşdırılması və maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi apardılar.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır