ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyəti elm və təhsilin tərəqqisinə böyük töhfələr verib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakının Xətai rayonundakı 263 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin direktoru Nurqələm Bayramova qonaqları Cümhuriyyət tarixinin şərəfli səhifələrindən söz açıb. Azərbaycan xalqının zəngin dövlətçilik tarixindən danışan məktəbin tarix müəllimi Dilbər Əsədova Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova isə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlətçilik tariximizə göstərilən yüksək ehtiram kimi dəyərləndirib. O, təmsil etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Tədbirdə Bilik Fondunun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Boran Əzizin “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirəçi məktəblilərə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolundan bəhs edib. Onun sözlərinə görə, Cümhuriyyət tariximiz sübut edir ki, Azərbaycan xalqı hər zaman müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. B.Əziz məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin daha dərindən öyrənilməsi məqsədilə məktəbdə keçirilmiş olimpiadanın qalibləri mükafatlandırılıb. Fərqlənən şagirdlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.
Bayram tədbiri şagirdlərin hazırladıqları musiqili-bədii kompozisiya ilə yekunlaşıb.