İQTİSADİYYAT
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə icraçı direktor Antoni Makdonald ilə videokonfrans formatında görüş keçirib.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan sonra azad edilmiş ərazilərin bərpa və yenidənqurulması, COVID-19 pandemiyası ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, mənfi proqnozlara baxmayaraq həyata keçirilmiş məqsədyönlü və çevik siyasət sayəsində 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətli bərpaya nail olunub, nəticədə 2021-ci ildə ÜDM-in artım tempi 5,6 faiz, qeyri-neft ÜDM-nin artım tempi isə 7,2 faiz təşkil edib, ölkənin dövlət borcu azalıb, valyuta ehtiyatları isə artıb.
Öz növbəsində Antoni Makdonald hökumətin pandemiya dövründə riskləri düzgün təhlil edərək həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək COVID-19-la mübarizə sahəsində görülən işləri, habelə 2021-ci ildə əldə olunan iqtisadi artımı qeyd edərək, Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyini, əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.
Tərəflər pandemiya ilə mübarizənin növbəti mərhələsində əsas prioritetlər, bankın iqlim dəyişmələrinə qarşı mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi təşəbbüsləri, yenidən işlənmiş enerji siyasətinin icrası və bir sıra təşkilati təşəbbüslər barədə də fikir mübadiləsi aparıblar.