İQTİSADİYYAT
Azərbaycan ilə İraq arasındakı əməkdaşlıq perspektivləri müzakirə edilib
Bağdad, 11 sentyabr, AZƏRTAC
Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin yeni təyin edilmiş Rabitə naziri Arkan Şihab ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, iki dost ölkə arasında olan tarixi, dini və mədəni əlaqələr haqqında danışan N.Məmmədov son illərdə Azərbaycanda telekommunikasiya, innovasiyalar və yüksək texnologiyaların inkişafı barədə ətraflı məlumat verib.
Avropa ilə Asiyanı birləşdirən fiber-optik Trans-Xəzər layihəsinə toxunan N.Məmmədov bu beynəlxalq əhəmiyyətli xəttin çəkilişi, habelə ölkəmizdə kosmik sənayenin inkişafı və bunun nəticəsində 3 peykin fəzaya çıxarıldığını diqqətə çatdırıb.
Nazir A.Şihab Azərbaycanın inkişaf dövrünü yaşadığını bildirib və həyata keçirilən islahatlardan məlumatlı olduğunu nəzərə çatdırıb. O, rəsmi Bağdadın Azərbaycan ilə rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi niyyətində olduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında yeni texnologiyalar sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad