CƏMİYYƏT
Azərbaycan ilə Türkiyə arasındakı qadın, ailə və uşaq məsələləri üzrə nümunəvi əməkdaşlıq mövcuddur
İstanbul, 25 noyabr, AZƏRTAC
İstanbulda “Ailənin gücləndirilməsi” mövzusunda keçirilən III Beynəlxalq Qadın və Ədalət Sammitində iştirak edən Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türkiyənin Qadın və Demokratiya Dərnəyinin (KADEM) sədri Saliha Okur Gümrükçüoğlu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında qadın və ailə məsələlərinə dair əməkdaşlığın vəziyyəti müzakirə olunub.
Azərbaycanda ailə, qadın və uşaq siyasətinin inkişaf dinamikasının istiqamətlərindən danışan Hicran Hüseynova bildirib ki, bu sahədə mükəmməl qanunvericilik bazası mövcuddur. Hökumətimiz gender bərabərliyi sahəsində davamlı olaraq mühüm qərarlar qəbul edir.
Türkiyədə KADEM tərəfindən 2014-cü ildən bəri təşkil olunan üç Sammitdə Azərbaycanın fəal iştirakına görə minnətdarlığını bildirən Saliha Okur Gümrükçüoğlu əminliklə deyib ki, ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bu sahədə də dinamik inkişaf edəcək.
Görüşdə qaçqınlar və terrorizmin yaratdığı ailə problemlərinin həllinə dair səmərəli fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanda, regional münaqişələr və terrorizm isə Türkiyədə böyük miqyasda qadın və ailə problemləri yaradıb. Hər iki dövlət bu problemlərin həlli üçün ciddi səylər göstərir.
Söhbət zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq bütün dünya üçün nümunədir. Bu sahədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə daha dolğun çatdırmaq üçün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirmək hər iki ölkənin maraqlarına uyğundur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul