MƏDƏNİYYƏT
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcək
Daşkənd, 24 sentyabr, АZƏRTAC
Sentyabrın 25-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Samux və Lənkərandakı Heydər Əliyev mərkəzlərinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcək. Tədbirə Azərbaycan Mədəniyyət Nazirliyi müvafiq dəstək göstərir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın rayonlarında - Samux, Lənkəran, Yevlax, İsmayıllı, Quba, Şabran, Astara, Zaqatala, Balakən, Tovuz, Salyan, Masallı, Ağdam, Abşeron, Yardımlı, Beyləqan, Ucar, Siyəzən, Qəbələ, Qusar, Lerik, Qaradağ, Oğuz, Şəmkir, Qax, Cəlilabad, Ağdaş, Ağstafa, Daşkəsən, Göygöl, Zərdab, Qazax Heydər Əliyev mərkəzləri rəhbərlərinin iştirakı planlaşdırılır.
Konfransı giriş sözü ilə Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli açacaq, Heydər Əliyev mərkəzlərinin fəaliyyəti, Azərbaycan mədəniyyətinin təbliği işində sözügedən mərkəzlərin həyata keçirdiyi layihələr barədə məruzə edəcək.
Onlayn konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov görülən işlər haqqında danışacaq, habelə milli mədəniyyətimizin təbliği istiqamətində mərkəz tərəfindən həyata keçirilən layihələr barədə məlumat verəcək.
Konfrans çərçivəsində Heydər Əliyev mərkəzlərinin rəhbərləri çıxış edəcək.
Tədbirdə Azərbaycan mədəniyyətinin, ölkəmizin qazandığı nailiyyətlərin təbliği, Azərbaycanın haqq işinin dünyaya çatdırılması, qeyd edilən istiqamətlərdə mərkəzlər arasında əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi və s. məsələlər üzrə fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd