CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
Bakı, 15 iyul, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak etmək məqsədilə iyulun 15-dən 21-dək ABŞ-da səfərdə olacaq.
Komitədən AZƏRTAC-a bildiriblər ki, konfrans çərçivəsində “Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan dəyirmi masanın təşkili planlaşdırılır.
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.
Qeyd edək ki, sayca ikincisi keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.