İQTİSADİYYAT


Azərbaycan və Türkiyə arasında aeronaviqasiya sahəsində mühüm saziş imzalanıb

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri arasında kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalanıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən (AZAL) AZƏRTAC-a bildirilib ki, qeyd edilən sənəd mayın 27-də AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMI) arasında imzalanıb.

Tərəflər sazişi imzalayan zaman iki təşkilatın aeronaviqasiya strategiyasının inkişafı sahəsində peşəkar qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu, eləcə də qardaş ölkələr - Azərbaycan və Türkiyə arasında sıx dostluq münasibətlərinin mövcudluğunu qeyd ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətini idarəetmə qülləsini ziyarət edən DHMİ Şurasının sədri və baş direktor Hüseyn Keskinin rəhbərlik etdiyi nümayəndə heyətinə AZANS-ın tətbiq etdiyi müasir texnologiyalar barədə məlumat verilib.

Qonaqlar, həmçinin “TEKNOFEST Azerbaijan” festivalı çərçivəsində Azərbaycanın paytaxtında keçirilən aviaşou zamanı uçuşların idarə edilməsi prosesi ilə tanış olublar.

DHMI-nin fəaliyyət sahəsinə Türkiyə hava limanlarının idarə edilməsi, eləcə də Türkiyə hava məkanının tənzimlənməsi və nəzarət edilməsi daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.