CƏMİYYƏT


Azərbaycanda II Robot Olimpiadası keçiriləcək

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 6-da Bakı İdman Sarayında II Robot Olimpiadası keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edəcək olimpiadada 20 təhsil müəssisəsindən 54 komanda yarışacaq. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar noyabrın 16-18-də Tailandda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.

Dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən olimpiadaya 12 ölkə qatılsa da, iştirakçı ölkələrin sayı artıq 70-i keçib.

Azərbaycanda gənclərin elmi-texniki biliklərinin inkişaf etdirilməsinə göstərilən xüsusi diqqət nəticəsində ötən il oktyabrın 7-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə ilk seçim yarışı keçirilib. Həmin yarışda 8 təhsil müəssisəsindən 22 komanda iştirak edib. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar Dünya Robot Olimpiadasının noyabrın 10-12-də Kosta-Rikada keçirilən final mərhələsində iştirak hüququ əldə edib. Beləliklə, Azərbaycan ilk dəfə Dünya Robot Olimpiadasının finalında təmsil olunub. Azərbaycan komandası olimpiadanın finalına Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatılıb. Dünya Robot Olimpiadasında ilk dəfə iştirak etməsinə baxmayaraq, Azərbaycan 71 ölkə arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.