CƏMİYYƏT
Azərbaycanda dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 24-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ucar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirədə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva bildirib ki, dünyada islamofobiya meyillərinin genişləndiyi bir dövrdə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyada birliyə çağırış rolunu oynayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. O bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Səyyad Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib. O, bildirib ki, dini-mədəni irsin məhvi prosesləri kimi təhdidlərdən İslam dünyası, ümumən bəşəriyyət yalnız səylərin birləşdirilməsi, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.