REGİONLAR
Azərbaycanda epizootik vəziyyət sabitdir
Dövlət Baytarlıq Xidmətində 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC, Xalid Məmmədov). Martın 15-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirdə bütün rayon və şəhər baytarlıq idarələrinin rəisləri, zona baytarlıq laboratoriya və diaqnostik kabinetlərin direktorları iştirak etmişlər.
Müşavirədə çıxış edən DBX-nin rəisi Sialə Rüstəmova 2013-cü ildə baytarlıq xidməti sahəsində həyata keçirilən tədbirlərdən danışmış, qurumun fəaliyyətini konkret faktlarla səciyyələndirmişdir. Bildirilmişdir ki, ötən il aparılan tədbirlər sayəsində Azərbaycanda epizootik sabitlik təmin edilmişdir. Baytarlıq xidmətinin əməkdaşları heyvanlarda kəskin yoluxucu xəstəliklər, o cümlədən brusellyoz əleyhinə profilaktik tədbirlər həyata keçirmişlər. Son dörd ildə görülən işlərin nəticəsi olaraq ölkədə heyvanların brusellyoza yoluxma halları azalmışdır.
Qeyd olunmuşdur ki, ötən il müvafiq qurumlarla birlikdə quş qripi ilə bağlı 6 monitorinq aparılmışdır. Həm çöl, həm də ev quşlarını əhatə edən bu monitorinqlər zamanı götürülmüş 7 mindən artıq qan nümunəsi və patoloji material respublika baytarlıq laboratoriyasında müayinə edilmiş və heç bir halda quş qripi xəstəliyinin törədicisinə təsadüf olunmamışdır.
Xidmət rəisi demişdir ki, digər qorxulu xəstəliklərdən biri olan quduzluğu nəzarətdə saxlamaq üçün DBX heyvanlar arasında zəruri vaksinasiya tədbirləri həyata keçirmiş, 46 nümunədə laboratoriya müayinəsi aparmışdır. Xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər görülmüş, xəstəliyin qarşısı vaxtında alınmışdır. Hazırda kəskin yoluxucu xəstəliklər üzrə Azərbaycanda epizootik vəziyyət sabitdir.
S. Rüstəmova qeyd etmişdir ki, ötən il şmallenberq virus xəstəliyi ölkəmizdə ilk dəfə qeydə alınmış, baytarlıq mütəxəssisləri tərəfindən 255 min başa yaxın iribuynuzlu heyvan xəstəlikdən xilas edilmişdir.
Tədbirdə rayon və şəhər baytarlıq idarələri rəhbərlərinin hesabatları dinlənilmiş, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, təkliflər səsləndirilmişdir.
Sonda S.Rüstəmova mövcud nöqsanların aradan qaldırılması, baytarlıq tədbirlərinin səmərəliliyinin yüksəldilməsi üçün konkret tapşırıqlar vermişdir.