Azərbaycanda ilk dəfə aortanın laylanmış anevrizması hibrid üsulla müalicə olunub


Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan səhiyyəsi daha bir uğura imza atıb. Mərkəzi Klinik Xəstəxanada ölkəmizdə ilk dəfə olaraq aortanın laylanmış (dissekan) anevrizması hibrid üsulla müalicə edilib.
Mərkəzi Klinik Xəstəxanadan AZƏRTAC-a bildiriblər ki, əməliyyat klinikanın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib.
Aorta disseksiyası xəstəliyi barədə məlumat verən K.Musayev bildirib ki, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan bu xəstəlik zamanı ölüm riski yüksəkdir: “Ölüm riski yüksək olsa da son illər kardiologiya və ürək-damar cərrahiyyəsində bu xəstəliyin müalicəsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Belə nailiyyətlərdən ən sonu aorta disseksiyasının (və dissekan anevrizmanın) hibrid üsulla ləğvidir. Hibrid üsul-klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır. Bu yanaşmada daha kiçikmiqyaslı açıq əməliyyatlarla endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir. Beləliklə, böyükmiqyaslı açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Eyni zamanda, bu metodla xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı alınır”.
Hibrid müalicənin dünyanın qabaqcıl ölkələrində son 10 ildə tətbiq edildiyini deyən baş həkim qeyd edib ki, bu əməliyyat ölkəmizdə ilk dəfə tətbiq edilir: “Ciddi riskli aorta disseksiyası və aorta anevrizması xəstələri üçün ümid yeri, həyat xilasedici bir alternativ təşkil edən hibrid müalicə dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq edilməyə başlayıb. Bizim bu müalicə metodunu ilk dəfə tətbiq edərək əməliyyat etdiyimiz xəstə 39 yaşında kişi idi. Xəstədə enən aortanın disseksiyası və anevrizması olduğu üçün klassik açıq cərrahiyyənin tətbiqi yüksək risk daşıyırdı. Buna görə də, xəstəni hibrid üsulla müalicə etməyə qərar verdik. Yuxu və körpücükaltı arteriyaları arasında şunt əməliyyatı icra olunduqdan sonra aortanın laylanmış və anevrizmalaşmış seqmentinə qapalı yolla stent-qreft yerləşdirildi (TEVAR)”.
Bu cür əməliyyatların həyata keçirilməsi üçün ciddi infrastruktur və kadr hazırlığının tələb olunduğunu deyən K.Musayev deyib: “Bir neçə ildir ki, Mərkəzi Klinikada aortanın anevrizmalarında endovaskulyar əməliyyatları icra edilir. Əməliyyatların icrasına hərtərəfli hazırlıqlar başa vurulduqdan sonra reallaşdırmağa başlayıb. Hibrid üsul isə daha mürəkkəb, nisbətən çox hazırlıq və təcrübə istəyən bir əməliyyat növüdür. Əməliyyat üçün lazımi hazırlıq işləri bütün incəliklərinə qədər nəzərdən keçirildikdən sonra xəstə əməliyyata alınıb. Ciddi risk daşımasına baxmayaraq komandamız tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirildi. Artıq xəstə sağalaraq evə qayıdıb. Bu cür müasir və mürəkkəb üsullu əməliyyatların ölkəmizdə də icra olunması çox sevindirici haldır”.