ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilən 19-cu beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinin qədim İpək Yoluna söykəndiyini qeyd edərək, bu əlaqələrin indi də uğurla inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasının elan olunması münasibətlərin inkişafında yeni mərhələ açıb və humanitar sahədə əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait formalaşdırıb.
Səfir gənclərin Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafında mühüm rol oynadığını vurğulayaraq, onların iki xalq arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Çinin Azərbaycanda təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafına dəstək göstərməyə hazır olduğunu da diqqətə çatdırıb.
Tədbirdə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edərək universitet nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin dilinin tədrisi, Çin mədəniyyətinin tanıdılması və Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib. O, müsabiqənin gənclərin dil bacarıqlarının inkişafı və mədəniyyətlərarası ünsiyyətin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin dili körpüsü” müsabiqəsinin uzun illərdir Azərbaycanda uğurla təşkil olunduğunu qeyd edib. O, yarışın iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli imkan yaratdığını bildirib.
Müsabiqə çərçivəsində iştirakçılar Çin dili üzrə bilik və bacarıqlarını nümayiş etdirib, müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Sonda qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb. Konfutsi İnstitutunun tələbəsi, Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Selcan Cəfərli müsabiqənin Azərbaycan üzrə finalında birinci yeri tutub. O, “Ümumdünya Çin dili körpüsü” müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ qazanıb.