REGİONLAR


Azərbaycanda yaşayan azsaylı xalqların musiqi kollektivlərinin çıxışı böyük maraqla qarşılanıb VİDEO

Şəki, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın əvvəlki iki günündə tamaşaçılar Türkiyə, Yaponiya və Polşadan gəlmiş musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iyulun 3-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

Məlumat verilib ki, bu il ilk dəfə olaraq Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalının repertuarına ölkəmizdə yaşayan azsaylı xalqların milli musiqi, folklor və rəqs nümunələri daxil edilib. Bu da təsadüfi deyildir. Çoxmillətli ölkəmizdə azərbaycanlılarla yanaşı, ruslar, talışlar, ləzgilər, gürcülər, avarlar, saxurlar, udinlər, yəhudilər, tatarlar və digər milli və etnik azlıqlar əsrlər boyu mehriban dostluq və qardaşlıq şəraitində yaşayıblar. Ölkəmizdə müxtəlif dinlərə sitayiş edən 30-dan artıq xalq və etnos tarixən uzunmüddətli birgəyaşayış şəraitində özünəməxsus mədəni və folklor ənənələrini qoruyub saxlamışlar. Azsaylı xalqların əlvan musiqi folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu xalqların əsrlər boyu ölkəmizdə yaşayıb-yaratmaları, öz mədəni irslərini qoruyub inkişaf etdirmələri Azərbaycanda tolerantlığın və multikultiralizmin mövcud olduğunun bariz sübutudur.

Diqqətə çatdırılıb ki, bugünkü konsert Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilati dəstəyi ilə reallaşır.

İlk olaraq səhnəyə Azərbaycanda yaşayan kürdlərin “Shero” musiqi qrupu çıxıb. 2008-ci ildə yaranan bu qrup ölkəmizdə keçirilən folklor bayramlarında fəal iştirak edir.

Azsaylı xalqlardan olan tatların “Xınayaxdı” folklor kollektivinin çıxışı da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Şabran rayonunun Dağbilici kənd mədəniyyət evi nəzdində fəaliyyət göstərən kollektivin repertuarını əsasən el mərasimləri, xalq və əmək mahnıları təşkil edir.

Ölkəmizdə yaşayan tatarların Bakıda fəaliyyət göstərən “Tuqan tel” mədəniyyət mərkəzinin ansamblının çıxışı tamaşaçıların ürəyincə olub. 1996-cı ildə yaradılan bu ansambl Azərbaycanda və Rusiyada keçirilən bir sıra tədbirlərdə, görkəmli tatar şairlərinin xatirə gecələrində iştirak edib, diplom və mükafatlara layiq görülüb. Kollektivin repertuarını tatar mahnı və rəqsləri, el mərasimlərindən səhnələr təşkil edir.

Tamaşaçılar Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivinin çıxışını da alqışlarla qarşılayıblar. Kollektivin bədii rəhbəri Xəyyam Kələntərlidir. Kollektiv konsertdə “Moskovskaya kadril” və “Russkaya plyasovaya” rəqslərini ifa edib.

Sonra “Suvar” ləzgi mahnı və rəqs ansamblı çıxış edib. 1996-cı ildə Bakıda yaradılan bu ansambl respublika və beynəlxalq festivalların laureatıdır. Orijinal rəqsləri, yüksək səviyyəli mahnı ifaları ilə seçilən bu ansambl 2009-cu ildə “Xalq kollektivi” fəxri adına layiq görülüb.

Azərbaycanda yaşayan ahısqa türklərinin rəqs ansamblının çıxışı isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert korifey sənətkar Rəşid Behbudovun ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında başa çatıb.

Festivalın təşkilatçı qurumlarının rəhbərləri çıxış edərək, konsertdə fəal iştirak etdiklərinə görə azsaylı xalqların musiqi kollektivlərinin üzvlərinə minnətdarlıqlarını bildiriblər.

Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivlərə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.