REGİONLAR
“Azərbaycanın İntellektual Birİncisi”: Finalda Dağlıq Şirvan iqtisadi rayonunu İsmayıllı komandası təmsil edəcək
İsmayıllı, 10 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə artıq üçüncü ildir təşkil olunan “Azərbaycanın İntellektual Birİncisi” layihəsi çərçivəsində noyabrın 10-da İsmayıllıda regional turnir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən "İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, Birliyin insan resursları katibliyinin əməkdaşı Aytac Məmmədova, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək layihənin gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyiblər. Vurğulanıb ki, “İrəli” İctimai Birliyi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətini dəstəkləyir, bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir.
Bildirilib ki, 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan layihədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərdən ibarət komanda ilə çıxış edir. Regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan Muxtar Respublikası və Bakıda inşa olunan Gənclər Evi və Gənclər mərkəzlərində keçirilir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları təşkil olunur. Regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanırlar.
Rəsmi hissədən sonra İsmayıllı və Ağsu rayonlarının gənc intellektlərinin iştirakı ilə Dağlıq Şirvan iqtisadi rayonu üzrə zona turniri keçirilib. İntellektual oyunlarda İsmayıllı rayonunun gəncləri qalib olublar. Qalib komanda Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Bakıda keçiriləcək final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub.