MƏDƏNİYYƏT
Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilov “Birliyin ulduzları” mükafatının laureatı oldu
Moskva, 24 oktyabr, AZƏRTAC
“Birliyin ulduzları” illik dövlətlərarası mükafatın münsiflər heyəti 2016-cı ilin səkkiz laureatının adını açıqlayıb. Mədəniyyət, incəsənət və humanitar fəaliyyət sahələrinin mükafatçıları arasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilov da var.
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər il nailiyyətləri dünya səviyyəsinə uyğun gələn və Birlik ölkələrinin inkişafına kömək edən elm və mədəniyyət xadimləri DHƏF-in mükafatçıları olurlar.
Yüksək mükafata səkkiz ölkədən 12 namizəd iddia edib. Münsiflər heyətinin qərarı ilə səkkiz nəfərə mükafat verilib. Elm xadimləri arasında mükafata Belarus Yazıçılar İttifaqının rəyasət heyətinin üzvü, Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru İvan Saverçenko, habelə Qırğız Respublikası Elmlər Akademiyasının fizika-texnika, riyaziyyat və dağ-mədən elmləri bölməsinin sədri Altay Borubayev layiq görülüblər.
Azərbaycanın Xalq Rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, rusiyalı baletmeyster və xoreoqraf, SSRİ Xalq Artisti Yuri Qriqoroviç, SSRİ Xalq Artisti, bəstəkar, Moldovanın Əməkdar İncəsənət Xadimi Yevgeni Doqa və başqaları mədəniyyət, incəsənət və humanitar fəaliyyət sahəsində mükafatların sahibi olublar.
“Birliyin ulduzları” dövlətlərarası mükafat 2009-cu ildə MDB iştirakçı dövlətlərinin Humanitar Əməkdaşlıq Şurası və DHƏF tərəfindən təşkil edilib. Həmin vaxtdan bu mükafat üç istiqamətdə - elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyət nominasiyalarında verilir. Vaxtilə bu mükafata Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, tanınmış bəstəkarlar Aleksandra Paxmutova və Nikolay Dobronravov, dirijor Vladimir Spivakov və başqaları layiq görülüblər.
Laureatlara diplom, fəxri nişan və vəsiqə təqdim edilir. Mükafatın pul ekvivalenti 2 milyon Rusiya rubludur. Təntənəli mükafatlandırma mərasimi dekabr ayında MDB iştirakçı dövlətlərinin yaradıcı ziyalılarının və elm adamlarının Forumu zamanı keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva