ELM VƏ TƏHSİL
Azərbaycanın alt paleogen çöküntülərinə dair dəyərli elmi mənbə
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Məcid Bağmanovun “Azərbaycan alt paleogen çöküntülərində biotların stratiqrafiki və paleocoğrafi paylanma qanunauyğunluqları” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, AMEA Geologiya İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunmuş kitabın redaktoru Bakı Dövlət Universitetinin ümumi geologiya kafedrasının müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Sərdar Səmədovdur. Nəşrdə qeyd olunur ki, alt paleogen çöküntüləri Azərbaycanın əsas struktur komplekslərinin geoloji quruluşunda geniş inkişaf edir. Hövzələr regionlarda istiqamətini dəyişib inkişaf edib, çöküntülər kəskin litoloji dəyişikliyə məruz qalıb, lütes və priabon əsrlərində vulkan materialları ilə mürəkkəbləşib. Hövzələrdə ekogenez inkişaf tarixi müxtəlif olub, tərəqqi edən fauna keyfiyyət və kəmiyyətcə köklü surətdə fərqlənir. Dənizlərin lateral və sublateral sahələrinin yerdəyişməsi, dərinliklərin qeyri-sabitliyi və çökən süxurların xarakteri faunanın lateral və kəsiliş üzrə paylanmasına ciddi nəzarət edir. Ayrı-ayrı regionlara da ayrılan birliklərin (cəmi 15 birlik) struktur və növ tərkibi fərqlidir.
Kitabda Sumqayıt və koun laydəstələrinin mərtəbə bölgüsü ilk dəfə tərtib olunur. Sumqayıt laydəstəsi, alt kounun alt hissəsi Kiçik Qafqazda inkişaf edən qaradərə, ketus və borjom laydəstələri ilə müqayisə olunur.
Qeyd edək ki, Azərbaycanın alt paleogen biotları və onların əsrlər üzrə paylanma qanunauyğunluqları ilə bağlı araşdırmalar ölkəmizdə ilk dəfə Məcid Bağmanov tərəfindən aparılıb. “Giriş” və dörd fəsildən ibarət olan kitab paleontoloq-stratiqraflar, geoloqlar, dissertant və magistrlər üçün nəzərdə tutulub.