İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 30 aprel, Elvin Camalov, AZƏRTAC
Yanvar-mart aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 198,2 milyon ABŞ dolları, Meksika ilə 13,3 milyon dollar, Ekvador ilə 11,5 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrünə nisbətən İspaniya ilə ticarət dövriyyəsi artıb, Meksika və Ekvador ilə azalıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 16,1 milyon dollar, Meksikadan 13,3 milyon dollar, Ekvadordan isə 11,5 milyon dollar təşkil edib. İspaniyadan idxal əməliyyatlarının dəyəri artıb, Meksika və Ekvadordan azalıb.
Üç ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr də İspaniya, Ekvador və Meksika olub. İspaniyaya ixracın dəyəri 182,1 milyon dollar, Ekvadora və Meksikaya isə cüzi olub. İspaniyaya və Ekvadora məhsul ixracı artıb, Meksikaya isə azalıb.