CƏMİYYƏT


Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsi beynəlxalq aləmdə müsbət nümunə kimi dəyərləndirilir

Bakı, 2 iyun, AZƏRTAC

İnkişafın milli modelini yaratmış Azərbaycan, eyni zamanda, koronavirus pandemiyasına qarşı effektiv mübarizə nümunəsi ortaya qoyub. Sirr deyil ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına imkan verib. Xüsusilə də, respublikamızın öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Ölkəmizin qlobal təşəbbüsləri beynəlxalq həmrəyliyə və əməkdaşlığa əhəmiyyətli töhfədir

Xatırladaq ki, dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub. Bundan əlavə, Azərbaycan dövlətinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal təşəbbüslər də pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığın və həmrəyliyin təmin edilməsinə mühüm töhfə olub. Qoşulmama Hərəkatının ötən ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası bu baxımdan böyük əhəmiyyətə malikdir. Paralel olaraq respublikamızın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etməsi, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilməsi bu qlobal bəlaya qarşı birgə səylərin səfərbər olunması üçün xüsusi önəm daşıyır.

Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsi

Ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və onların inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini yolverilməz hesab etdiyini açıq şəkildə bildirib. Ölkəmiz tərəfindən Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürülmüş qətnamənin yekdilliklə qəbul olunması da Azərbaycanın qətiyyətli mövqeyinin obyektivliyini və dəstəkləndiyini göstərir.

Beləliklə, pandemiya ilə mübarizə məsələsində Azərbaycanın təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, örnək göstərilir. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlardan etibarən Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.