CƏMİYYƏT
Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə tarix yazırlar
Muğla, 31 iyul, AZƏRTAC
Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri fədakarlıq göstərək iyulun 31-də böyük şücaətlə təyinat məntəqəsində alovların söndürülməsinə nail olublar.
Hadisə yerində olan AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, azərbaycanlı qrup yanğınla əvvəlcə Muğla vilayətinin Marmaris bölgəsində mübarizə aparıb.
Türkiyə vaxtı ilə təxminən saat 9:00-dan başlayan mübarizə fasiləsiz olaraq saat 20-dək davam edib.
FHN-nin peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət 100 nəfərlik dəstə üzvləri böhran məntəqəsində alovların yayılmasının qarşısının alınması və söndürülməsi üçün bütün imkanlardan istifadə ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla