İQTİSADİYYAT


“Azərpoçt” Avropa Poçt İttifaqına üzv qəbul olunub

Bakı, 19 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub. Bu münasibətlə təşkil olunan onlayn iclasda qurumun baş direktoru Emin Əfəndiyev çıxış edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, baş direktor “Azərpoçt” MMC-nin 80-dək ölkə ilə birbaşa beynəlxalq poçt mübadiləsi həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlar əldə etdiyini, o cümlədən sürətli poçt xidməti (EMS) sahəsində ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görüldüyünü konfrans iştirakçılarının diqqətinə çatdırıb.

E.Əfəndiyev vurğulayıb ki, COVID-19 pandemiyası dövründə “Azərpoçt” MMC beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının (ÜPİ), ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.

Ölkə daxilində poçt mübadiləsinin yüksək səviyyədə təşkil olunmasından danışan baş direktor Ermənistanın Azərbaycana təcavüzündən də söhbət açıb. O qeyd edib ki, düşmənin 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etməsi nəticəsində “Azərpoçt” ölkə ərazisində tam olaraq poçt mübadiləsini həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq.

E.Əfəndiyev ötən dövr ərzində Avropa Poçt İttifaqının üzvü olmamasına baxmayaraq, “Azərpoçt” MMC-nin bu qurumun bir çox toplantılarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyini bildirib.

Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsvermə keçirilib. Nəticədə “Azərpoçt” MMC Avropa Poçt İttifaqının üzvlüyünə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.