İDMAN
“Azərsu” həndbol klubu əsas rəqibini son anda üstələyib
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu gün qadın həndbolçuların Azərbaycan çempionatında üçüncü tura start verilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, ilk oyun günündə yarışın favoritləri sayılan “Azərsu” və “Azəryol” komandalarının görüşü böyük maraq doğurub. Gözlənildiyi kimi gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın ilk hissəsi 12:12 hesabı ilə yekunlaşıb. Fasilədən sonra da rəqiblərin bərabər mübarizəsi hesabda əksini tapa bilərdi. Amma final fitinə az qalmış, hesab 27:27 olarkən “Azəryol”un qapısına təyin edilən 7 metrlik cərimə zərbəsindən layiqincə faydalanan “Azərsu” matçı qələbə ilə başa vurub – 28:27.
Günün digər matçında “İdman Akademiyası” komandası ilə “Gənclər Birliyi” qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyə yiyələnən “tələbələr” rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyiblər – 36:25.
Sabah kişi həndbolçular ölkə çempionatında mübarizəyə qatılırlar. İlk turun görüşlərində son çempion “Bakı” U-16 komandasını sınağa çəkəcək. Digər oyunda isə “Təhsil” və “Məhsul” kollektivləri üz-üzə gələcəklər.