İDMAN
“Azəryol” “Qarabağ”ın müqavimətini çətinliklə qırıb
Bakı, 4 fevral, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında XII turun oyunları keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, çempionluğa əsas namizədlərdən sayılan “Azərsu” “Gənclər Birliyi” ilə görüşdə ciddi müqavimətlə üzləşməyib. Qarşılaşma 48:23 hesabı ilə favorit komandanın xeyrinə nəticələnib.
Baş mükafata digər iddialı “Azəryol” da turu qələbə ilə başa vurub. “Azərsu”dan fərqli olaraq, “Azəryol” üçün növbəti qələbə heç də asan alınmayıb. Güclü rəqibə qarşı oyunda yüksək əzmkarlıq nümayiş etdirən “Qarabağ” cəmi 2 xal fərqi ilə məğlub olub - 24:26.
“Azərsu” 13 oyundan 24 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirən “Azəryol” 22 xalla ikinci yerdə qərarlaşıb. “Qarabağ” 14 xalla 3-cü, Tbilisi “Olimpiya”sı 7 xalla 4-cüdür. Beşinci pillədəki “İdman Akademiyası”nın 5 xalı var. Autsayder “Gənclər Birliyi”nin aktivində xal yoxdur.