İQTİSADİYYAT
BALAKƏNDƏ 1240 YENİ İŞ YERİ AÇILMIŞDIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ötən dövrdə 1240 yeni iş yeri açılmışdır.
Rayonda19 yeni müəssisə işə salınmış, «Balakən-Konserv» ASC-nin nəzdindəki meyvə-tərəvəzin konservləşdirilməsi sexinin və asfalt zavodunun fəaliyyətləri bərpa edilmişdir. Yeni işə salınan müəssisələrdə 125, fəaliyyətdə olan müəssisə və təşkilatlarda isə 242 nəfər daimi işlə təmin olunmuş, 873 nəfər tikinti-abadlıq, kənd təsərrüfatı və digər işlərə cəlb edilmişdir.
Mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, yerli istehsalın genişləndirilməsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən tütünçülüyün, baramaçılığın, meyvəçiliyin, tərəvəzçiliyin inkişafı, sənaye müəssisələrinin fəaliyyətinin bərpası, sahibkarlığın inkişafına göstərilən qayğı Balakəndə yeni iş yerlərinin açılmasını sürətləndirən əsas amillərdir.