ELM VƏ TƏHSİL
BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayı ötən illərə nisbətən iki dəfə artıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-2018-ci tədris ilində bu ali məktəbə qəbul olunmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirib. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Rektor görüş zamanı bu il BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayının ötən illərə nisbətən iki dəfə artdığını vurğulayaraq bununla fəxr etdiyini bildirib. Qeyd olunub ki, 2017-ci ildə birinci qrup üzrə 25 Prezident təqaüdçüsündən 24-ü məhz BANM-i seçib və bu göstərici ali məktəbin respublika üzrə birinciliyini təsdiq edib. Prezident təqaüdçüləri arasında yeddi nəfər 700 balla qəbul olmuş tələbələrdir. BANM 700 bal toplamış tələbələrin sayına görə respublikada liderdir. Təqaüdçülər əsasən proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına üstünlük veriblər. Təsadüfi deyil ki, bu ixtisas respublikada bütün rekordları aşaraq “İlin ixtisası” olub.
Elmar Qasımov Prezident təqaüdçülərinin BANM-ə olan maraqlarını yüksək qiymətləndirib və tələbələrin bu seçiminin onların gələcək karyeralarında böyük rol oynayacağını vurğulayıb. O, tələbələri təbrik edərək dərslərində onlara müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.