BMT başçısı: tullantıların azaldılmasında “kvant sıçrayışı” lazımdır
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş “The Economist” jurnalının keçirdiyi səkkizinci illik Davamlılıq Həftəsinin iştirakçılarına ünvanlandığı videomüraciətində tullantıların azaldılmasında “kvant sıçrayışı”na çağırıb. O xəbərdarlıq edib ki, yalnız bu yolla iqlim fəlakətindən qaçmaq olar.
Davamlılıq Həftəsi – özəl şirkətlər və korporasiyaların nümayəndələri, siyasətçilər, maliyyəçilər və QHT nümayəndələri üçün forumdur. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, söhbət bəşəriyyətin təsərrüfatın aparılmasında daha davamlı formalarına keçidini sürətləndirən tədbirlərdən gedir.
BMT-nin Baş katibi öz müraciətində “Böyük iyirmiliyə” daxil olan ölkələrə tullantıların azaldılması ilə bağlı öhdəliklər götürməyi və 2050-ci ilə qədər istixana qazları emissiyasının sıfır səviyyəsinə nail olmağa səy göstərməyi təklif edib. BMT başçısı xatırladıb ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (İDHEQ) bu yaxınlarda açıqladığı hesabat təsdiq edib: “Qlobal tullantılar bəşəriyyət tarixində ən yüksək səviyyədədir və artmaqda davam edir”, eyni zamanda “iqlim xaosu iqtisadiyyat, biznes, tədarük zəncirləri və dövlət maliyyəsini məhv edir”. O, həmçinin vurğulayıb ki, fəlakətin qarşısını almaq üçün hələ şans var.
BMT başçısı paylarına qlobal tullantıların 80 faizi düşən “Böyük iyirmilik” ölkələrini 2050-ci ilə qədər tullantıların sıfır səviyyəsinə nail olunmasına dair planlarının realizə edilməsini sürətləndirməyə çağırıb, eyni zamanda, onun sözlərinə görə, inkişaf etmiş ölkələr bu vəzifəni artıq 2040-cı ilə qədər yerinə yetirməyə səy göstərməlidir.
Sıfır səviyyə - istixana qazları emissiyalarının okeanlar və meşələr kimi təbii yolla udulan səviyyəyə endirilməsi deməkdir.
Antonio Quterreş, həmçinin bütün ölkələri iqlim sahəsində milli planlar çərçivəsində fəaliyyəti sürətləndirməyə çağırıb. O xəbərdarlıq edib ki, hər hansı irəliləyişə nail olmaq üçün “real enerji keçidi” lazımdır. BMT başçısı qeyd edib ki, başlanğıc üçün yeni kömür, neft və qaz işlənmələrindən imtina etmək lazımdır.
Baş katib özəl sektoru iqlim dəyişikliyi ilə mübarizədə daha fəal rol oynamağa çağırıb. Eyni zamanda, onun sözlərinə görə, hökumətlər yerin altından çıxarılan yanacağın istifadəsini faydasız edən və bərpa olunan enerji mənbələrinə keçidi stimullaşdıran siyasət aparmalıdır. Antonio Quterreş hesab edir ki, bu, özəl sektoru ekoloji cəhətdən təmiz texnologiyalara sərmayə qoymağa sövq edərdi.
Xəbərin mətnində orfoqrafik səhv var