İQTİSADİYYAT
BVF AZƏRBAYCANA NÖVBƏTİ KREDİTİN AYRILMASI MƏSƏLƏSİNƏ BAXA BİLƏR
Bunu BVF-nin Azərbaycan üzrə missiyasının başçısı, İkinci Avropa Departamenti şöbəsi müdirinin müavini Con Uekmann-Linn mətbuat konfransında açıqlamışdır. Onun sözlərinə görə, missiya iki həftə ərzində Azərbaycan hökuməti ilə bu məsələyə dair danışıqlar apardıqdan sonra vəsaitin ayrılması barədə tövsiyələr verə bilər.
Nümayəndə heyətinin üzvləri növbəti səfər zamanı Azərbaycan hökuməti ilə bir sıra digər məsələləri də müzakirə edərək, qarşılıqlı anlaşmaya nail olmuşdur. D.Uekmann-Linn demişdir ki, missiya neft gəlirlərindən istifadə edilməsinə dair uzunmüddətli strategiya ilə tanış olmuşdur. Hökumətin təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edəcəyi strategiya bir sıra mühüm prinsiplərə, o cümlədən “Azərbaycanın indiki və gələcək nəsillərinin hətta mövcud ehtiyatlar tükəndikdən sonra belə neftdən əldə olunan gəlirlərdən eyni dərəcədə istifadə edə bilmələri” prinsipinə əsaslanır. Strategiya neft gəlirlərindən yoxsulluğun azaldılması məqsədi ilə istifadə olunmasına da yönəldilmişdir.
Con Uekmann-Linnin sözlərinə görə, BVF-nin hazırkı missiyası neft məhsullarına daxili qiymətlərin artırılması, Azərbaycan Beynəlxalq Bankı səhmlərinin 20 faizinin satışı məsələlərini və digər məsələləri də müzakirə etmişdir.