REGİONLAR
Babək rayonu ərazisində monitorinqlər aparılıb
Babək, 30 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Babək rayonunun ərazisində monitorinqlər aparıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayondakı təsərrüfat əhəmiyyətli və içməli sulardan analizlər götürülüb. Həmçinin içməli su anbarının ətrafında dezinfeksiya işləri görülüb.
Nehrəm kəndinə yaxın ərazidə yerləşən məişət tullantıları poliqonunda müxtəlif ərazilərdən gətirilən tullantılar texnikanın köməyi ilə basdırılıb. Tullantılardan təmizlənən sahələr Babək Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən tibbi tullantıların idarə olunması və sanitar qaydaların vəziyyəti barədə maarifləndirici söhbətlər aparılıb.
Sonra yol kənarında salınan ağacların vəziyyətinə diqqət yetirilib. Rayon ərazisindən keçən dəmir yolunun ətrafında quru ağacların təmizlənməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. Eyni zamanda, rayonun Cəhri kəndinin ərazisinə baxış keçirilib.
Monitorinqlər digər rayonlarda da davam etdiriləcək.