ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi Tallinn Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb
Bakı, 27 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı professor Gert Jervan imzalayıb.
Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+” və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, yay/qış məktəblərində iştirakı, “TalTech”in konsepsiyası əsasında Kibertəhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələr aparılmasını, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq məsələlərini əhatə edir.
Əməkdaşlıq müqaviləsi 3 (üç) il ərzində etibarlı olacaq.