ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin “Vətən yaxşıdır” müsabiqəsi yekunlaşıb

Bakı, 16 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) Böyük Zəfərə həsr olunmuş “Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub.

“Zoom” platforması üzərindən təşkil olunan müsabiqədə Bakı Ali Neft Məktəbinin tələbə və məzunları iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, 22 iştirakçı vətənpərvərlik və məhəbbət mövzusunda şeirlər ifa ediblər. Qaliblər peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən müəyyən olunub.

Xalq şairi Ramiz Rövşənin sədrliyi ilə münsiflər heyətində Xalq artisti, əvəzolunmaz aktyorumuz Rasim Balayev, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli və BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Kəmalə Mehdiyeva təmsil olunublar.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, qiraət müsabiqəsinin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, Böyük Zəfərə xitabən qalibiyyət duyğusunun poeziya dili ilə çatdırılmasıdır.

İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Xəyal Fərzəliyev Məmməd Arazın “Məndən ötdü qardaşıma dəydi” şeiri ilə ən yüksək – 48 bal toplayaraq I yerin qalibi olub. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Səbinə Rüstəmova Cəfər Cabbarlının “Ana” şeiri ilə 47 balla II yerin sahibi olub.

46 bal toplayan 4 nəfər isə III yerdə qərarlaşıb. Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Günel Rəhimli Cabir Novruzun “Sevin Azərbaycanı” şeiri ilə, Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Fidan Cəbrayılova Ulucay Akifin kompozisiyası ilə, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nilufər Əsgərzadə Ramiz Rövşənin "Vətənə tərif” şeiri ilə, Kimya mühəndisliyi ixtisasının məzunu Nazpəri İsfəndiyarzadə Aqşin Evrənin “Çörək qırağı qadın” şeiri ilə III yerə çıxıblar.

Kimya mühəndisliyi ixisasının I kurs tələbəsi Gülnur Məmmədova, Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Afaq Həşimova, Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nigar Bayramova, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Sevinc Həsənzadə isə həvəsləndirici mükafata layiq görülüblər.

1-ci yerin qalibinə 300 manat, 2-ci yerin sahibinə 200 manat, 3-cü yerin sahibinə 100 manat, 4-10-cu yerlərin sahiblərinə isə həvəsləndirici pul mükafatları təqdim olunub.

Eyni zamanda, bütün iştirakçılar diplom və sertifikatlarla da təltif olunublar.

“Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibi Xəyal Fərzəliyevə diplom və mükafatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.