ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti İsrailin Holon Texnologiya İnstitutu ilə birgə bakalavr hazırlayır
Bakı, 6 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin Holon Texnologiya İnstitutu (HTİ) imzalanmış müqaviləyə uyğun olaraq əməkdaşlığı genişləndirir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU və HTİ bakalavriatura pilləsində “Kompüter elmləri” ixtisası üzrə beynəlxalq ikili diplom proqramı üzrə təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnən, yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Tədrisdə beynəlxalq tələblərə cavab verən yeni tədris planları tətbiq edilir. Hər iki universitetin professor və müəllimlərindən, tədqiqatçılardan ibarət peşəkar kollektiv tədqiqata yönəlmiş mühazirə və praktiki məşğələlər təşkil edir, kompüter elmləri sahəsi üzrə aktual problemlərin həlli ilə məşğul olan alimlər, mütəxəssislər tədrisə cəlb olunur.
BDU-da prioritet istiqamətlərin müəyyənləşdirilməsinə, elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasına, təhsilalanlarda yaradıcı və innovativ düşüncənin inkişaf etdirilməsinə xüsusi diqqət verilir.