MƏDƏNİYYƏT
Bakı Ekspo Mərkəzində növbəti kitab təqdimatı
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaq yazarı Nazilə Cavadbəylinin “Balaca qırmızı balıq” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru Sevinc Nurıqızı, rəssamı Tahirə Quliyevadır.
"Təhsil" nəşriyyatının direktoru Tural Axundov kitabların uşaqların həyatındakı rolundan danışıb. Bildirib ki, hər yazar gözəl yaza bilər, ancaq mətnə ruh verən həm də kitabdakı illüstrasiyalardır. Bu, uşaqların xoşuna gəlir və onlar kitabın vərəqlərin korlamır, hətta məktəb yoldaşlarına hədiyyə verir. Bir kitabın ərsəyə gəlməsində onlarla insanın əməyi var. Uşaqlar bunu anlayanda kitaba olan münasibət də dəyişir.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova kitabın uşaqlara aşıladığı tərbiyəvi xüsusiyyətlərdən bəhs edib və “Balaca qırmızı balıq” kitabının müəllifinə və naşirinə təşəkkürünü bildirib.
Nazilə Cavadbəyli VIII Bakı Beynəlxalq Kitab Sərgisinə Təbrizdən qatıldığını deyib: "Bu gün mənim "Balaca qırmızı balıq" kitabımın təqdimat və imza mərasimi keçirilir. Burada uşaqlarla görüşüb, danışmaq və onların fikirlərini öyrənmək mənim üçün çox xoş oldu. Yaradılan şəraitə görə sərginin təşkilatçılarına təşəkkürümü bildirirəm. Biz həmişə uşaqlar üçün əsərlər qələmə alanda bu kitablarda onların özlərini tapmasını düşünürük”.
Müəllif Bakı Beynəlxalq Kitab Sərgisinin onda xoş təəssüratlar yaratdığını bildirib və sərginin işinə uğurlar arzulayıb.