REGİONLAR
Bakı-Şamaxı–Yevlax magistralının 16 kilometrlik hissəsinin genişləndirilməsi işləri yekunlaşır VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin (16 kilometr) I b texniki dərəcəsinə uyğun olaraq iki hərəkət zolağından dörd hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7,5 metrdən 15 metrə qədər genişləndirilib. Bundan başqa, magistralın həmin hissəsində iki yeni avtomobil körpüsü tikilib. Körpülər yolun 107-ci kilometrində Acıdərə çayı və 114,5-ci kilometrində Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü üç aşırımlı olmaqla 62,2 metr, Pirsaatçay körpüsü isə 107,2 metr uzunluğundadır.
Yolun 106-107-ci və 108-109-cu kilometrində torpaq sürüşməsinin qarşısını almaq məqsədilə dəmir-beton svayların vurulması, monolit dəmir-beton istinad divarlarının tikintisi və drenaj kanalların çəkilməsi işləri yerinə yetirilib. Həmçinin yolboyu zəruri olan yerlərdə ümumi uzunluğu 177 metr olan üç alt keçid inşa olunub.
Yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.