İQTİSADİYYAT
Bakı metrosunda yeni qrafik tətbiq olunur VİDEO
Bakı, 16 dekabr (AZƏRTAC). Yeraltı nəqliyyatda sərnişin axınının indiyədək görünməmiş dərəcədə sürətlə artması nəticəsində Bakı Metropoliteni yeni optimal hərəkət qrafiki tətbiq etmişdir.
Metropolitendən AZƏRTAC-a bildirmişlər ki, xidmətin mühəndis və dispetçerlərinin xeyli vaxtdır üzərində çalışdıqları bu qrafikə əsasən, günün gur saatlarında xəttə buraxılan qatarların sayı artırılmışdır. Əgər əvvəllər yalnız hərəkətin axşamlar gur saatlarda stansiyalardan hər iki istiqamətə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə (“28 May-Həzi Aslanov” sahəsində) çatdırılmışdır.
Qeyd olunmuşdur ki, günün digər vaxtlarında da xətdəki qatarların sayında artım vardır. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.