Bakıda Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan - REPORTAJ
AzerTAg.az
Bakı, 31 mart, Abdulla Suvar, AZƏRTAC
Azərbaycanın Milli İncəsənət Muzeyində açılmış Çin incəsənətini özündə əks etdirən yeni sərgi bura üz tutanların sayını xeyli artırıb. Ziyarətçilər arasında azyaşlılar da var, yaşlılar da. Elə biz də sərgi ilə yaxından tanış olmaq üçün muzeyə üz tutduq. Muzeyin 5 zalı “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi üçün ayrılıb. Hər bir sərgi salonu qədim tanrıları və müdriklərinin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır. İlk zalda Çin “Müdrik”inin hikmət dolu baxışları altında “Qızılı vadi”dən keçib “Kotoda ifa edən qadın”la qarşılaşdıq...
AZƏRTAC xəbər verir ki, sərgi Milli İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Sərginin kuratoru və ideya müəllifi muzeyinin direktoru Çingiz Fərzəliyevdir.
Xalqlarımız arasında dostluq əlaqələrinin yaranmasında tarixi İpək yolunun rolu
Milli İncəsənət Muzeyində açılan sərgiyə olan marağın kökündə həm də xalqlarımız arasında mövcud olan tarixi dostluq əlaqələri durur. Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox mühüm rol oynayıb. Böyük İpək yolunun Çin və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq mübadilələrinin şahidi olması danılmaz faktdır. Bu səbəbdən ölkələrimiz arasında əlaqələr qədim tarixə malikdir. Həmçinin Azərbaycan “Bir kəmər və bir yol” təşəbbüsünə qoşularaq fəal iştirak edən ilk ölkələrdən biridir. Bu da bir danılmaz faktdır ki, Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi 2022-ci ildə iki xalq arasındakı dostluq və əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Xüsusi olaraq qeyd etməliyik ki, iki ölkənin rəhbərlərinin qətiyyətli addımları sayəsində Çin ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Ölkələrimiz arasında mədəni mübadilə, həmçinin insanlar arasında əlaqələr mədəni tədbir, incəsənət sərgilərinin təşkili, turizm sahəsində əməkdaşlıq, tələbə mübadiləsi və iki dilə dair klassik əsərlərin tərcüməsi ilə daha da möhkəmlənib. Çin və Azərbaycan arasında möhkəm dostluğun daimi yaşadılması üçün şübhəsiz ki, mədəni sahədə əlaqələrin inkişaf etdirilməsi və bu tip tədbirlərin keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Çin xalqının zəngin mədəniyyətini əks edən 300-ə yaxın bədii sənət nümunəsi
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlardan ibarət kolleksiya deyil, həm də ziyarətçiləri Çin xalqının mədəniyyəti və ənənələri ilə tanış edir. Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva deyib ki, sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasıdır.
Onun sözlərinə görə, Milli İncəsənət Muzeyi bütün ölkələrin mədəniyyətinə xüsusi diqqətlə yanaşaraq, öz kolleksiyasında toplanan dəyərli bədii sənət nümunələrindən ibarət silsilə coğrafi sərgilər təşkil edir: “Muzeydə 2016-cı ildən başlanılan bu multikultural ənənə Fransa, Yaponiya və Almaniya kimi ölkələrin diplomatik nümayəndəlikləri ilə birlikdə sözügedən xalqların mədəniyyətini təcəssüm edən möhtəşəm sərgilər açılıb. Bu ənənəyə sadiq qalaraq bu gün də kolleksiyamızda mühafizə edilən Çin xalqına məxsus dəyərli sənət nümunələrindən ibarət sərgi təşkil olunub”.
Həmsöhbətim bildirib ki, Milli İncəsənət Muzeyinin Çin kolleksiyasının xronoloji çərçivəsi XVII-XX əsrləri əhatə edir. Sərgidə Çin xalqının zəngin mədəniyyətini əks edən 300-ə yaxın bədii sənət nümunəsi nümayiş olunur. Özünəməxsus gözəllik və təbiilik fəlsəfəsinin, dekorativ tətbiqi sənətdə qəbul edilmiş bədii üsullarının incə zənginliyi ilə ahəngini özündə cəmləşdirən bu kolleksiya diqqətəlayiqdir. Ecazkar və nəfis Çin porselen nümunələri, pannolar, tikmələr, xüsusi peşəkarlıqla hazırlanmış metalişləmə və ağacişləmə sənət nümunələri, eləcə də qrafik əsərlər bənzərsiz çin mədəniyyətinə, incəsənətinə sanki kiçik bir səyahətdir. Sərgidə nümayiş olunan zərif Çin porselen nümunələri xüsusi əhəmiyyət kəsb edir. Sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlıdır.
Muzeyin şöbə müdiri deyib: "Milli İncəsənət Muzeyinin kolleksiyasından Çin incəsənəti” sərgisi həm Çin, həm də Azərbaycan xalqı üçün unudulmaz xatirələrlə yadda qalacaq. Bu sərgidə sənətsevərlər Çin musiqi mədəniyyəti, əvəzsiz qrafika sənət nümunələri, dünyaşöhrətli Çin farforu və ipəyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Əminik ki, bu sərgi iki ölkə arasındakı mədəni əlaqələrin möhkəmlənməsinə, iki xalqın mədəniyyətinin təbliği və tanınmasına əvəzsiz töhfə verəcək”.
Onun sözlərinə görə, hər gün sərgini 150-yə yaxın paytaxt sakini və şəhərimizin qonaqları ziyarət edir. Sərgi iyun ayının sonunadək davam edəcək.
Nefrit daşından hazırlanmış "100 quş" fiquru
Kolleksiyada xüsusi peşəkarlıqla hazırlanmış, Çinin dünyaca məşhur ağ-mavi və çəhrayı çini nümunələrindən- XVII əsrə aid dekorativ vazalar, boşqablar, güldanlar, çaydanlar, dekorativ fiqurlar və digər eksponatlar işlənilmə texnikasının zərifliyi, parlaq və füsunkar rəsmləri ilə göz oxşayır. Hələ qədim dövrlərdə porselen kəşf olunmamışdan əvvəl çinlilər nefritdən əşyalar hazırlayırdılar. Qiymətli materialdan (nefritdən) olması baxımından bu nümunələrin qiyməti olduqca baha idi. Ekspozisiyada nefrit daşından hazırlanmış "100 quş" fiquru və külqabı kimi eksponatlar Çin sənətkarlarının xüsusi zəriflik və incəliklə hazırladıqları bədii sənət nümunələri kimi məxsusi əhəmiyyət kəsb edir. Çin dekorativ tətbiqi sənətində mifoloji, nəbati, quş, at və digər ornamentlərin təsviri üstünlük təşkil edir. Bunlardan daha çox rast gəlinəni isə Əjdaha toteminin təsviridir. Hansı ki, bu təsvirə çini, metalişləmə və digər sənət nümunələrinin üzərində rast gəlinir. Çin xalqının ulu əcdadlarının totemi, qədim rəmzi hesab olunan Əjdaha mifologiyaya görə su ünsürünün hamisi hesab olunur. Məhz bu baxımdan Çin sənətkarları bu mifik canlının təsvirinə xüsusi əhəmiyyət vermiş və sərgidə belə təsvirli nümunələr yetərincədir.
“Müdrik”liyi və “Uzun ömürlülük”ü simvolizə edən təsvirlər
Sərgidə nümayiş olunan fil sümüyü, ipək və gümüşdən hazırlanmış yelpiklər, aqalmatolitdən hazırlanmış külqabı, fil sümüyündən oyma texnikası ilə xüsusi zərifliklə hazırlanmış fiqurlar, şamdanlar, eləcə də şahmat fiqurları göz oxşayır. Zəngin tarixi mədəniyyətə malik Çində "Çayiçmə ənənəsi”, "Çay dəstgahı" xüsusi əhəmiyyətə malikdir. Çayın ixtiraçısı olan Çində IV əsrdən başlayaraq müalicəvi bitki kimi istifadə edirdilər. Çində çay içmə mərasimi bu gün də aktualdır. Sərgidə nümayiş olunan müxtəlif formalı çaydanlar, dəst fincan və stəkanlar olduqca dəqiqlik və peşəkarcasına hazırlanıb ki, bu da Çin xalqının həyatında çay ənənəsinin mühüm əhəmiyyət kəsb etdiyinin bariz nümunəsidir. Çin dünyada bir sıra ixtiraları-kağız, barıt, kompas, çini eləcə ipəyi ilə məşhurdur. Çin ipəyi üzərində pannolar, tikmələr sərgidə nümayiş olunan diqqətəlayiq eksponatlardandır. Üzərində “Müdrik”liyi və “Uzun ömürlülük”ü simvolizə edən təsvirlərlə işlənmiş bu pannolar XVII əsrə aid dəyərli tikmə nümunələridir. Çin ipəyi üzərində incə saplarla işlənilmiş bu tikmə nümunələri zərifliyi ilə xüsusi ilə maraqlıdır.
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgidə bu gözəl sənət nümunələrinə baxmaq yəqin ki, hər bir kəsin arzusudur. Elə isə vaxt itirmədən Milli İncəsənət Muzeyinə üz tutaraq Çin incəsənətini özündə əks etdirən yeni sərgi ilə yaxından tanış olun.





















Xəbərin mətnində orfoqrafik səhv var